Xaricdə təhsil almaq istəyənlərin – NƏZƏRİNƏ + VİDEO

Xaricdə təhsil almaq istəyənlərin – NƏZƏRİNƏ + VİDEO

Təhsil Nazirliyi xaricdə təhsil almaq istəyənlərə müraciət edib.

Oxu.Az–ın məlumatına görə, nazirliyin müraciətində qeyd olunur ki, xaricdə təhsil almaq istəyənlər seçəcəyi ali təhsil müəssisəsinin dövlət və ya beynəlxalq akkreditasiya qurumları tərəfindən tanınıb-tanınmadığı əvvəlcədən araşdırılmalıdır.

Bunun üçün www.enic-naric.net onlayn şəbəkəsindən istifadə edərək müvafiq ölkə üzrə tanınan ali tıhsil müəssisələri haqqında məlumat əldə etmək olar (ENİC - İnformasiya Mərkəzlərinin Avropa Şəbəkəsi, NARİC – Akademik Tanınma üzrə Milli Mərkəzlər).

Bundan başqa, ali təhsil müəssisəsindən akkreditasiya sənədi tələb etmək də olar. Eyni zamanda, xaricdə təhsil almaq istəyənlərin aşağıdakılara diqqət yetirməsi vacibdir:

Dərslərə davamiyyət – təhsil müddətində normativlərə uyğun olaraq dərs məşğələlərində iştirak etməlisiniz;

Tədris dili üzrə bilik – tədris proqramını mənimsəyəcək qədər tədris dilini bilməlisiniz;

Təhsil forması – bir ixtisas üzrə hər hansı təhsil formasına ölkəmizdə yol verilmirsə, başqa bir ixtisası seçməyiniz məqsədəuyğundur;

Təhsil müddəti - əsassız olaraq bir tədris proqramını normativlərdən az müddətə bitirmək yolverilməzdir;

Bakalavriat və magistratura ixtisasları arasında uyğunluq – ölkəmizdə mövcud qanunvericiliyə əsasən magistratura bakalavriatın əsasən davamı olmalıdır;

Təhsil sənədinin verdiyi hüquqlar – Əgər təhsil sənədinin alındığı ölkədə verilən akademik və ya peşə hüquqları məhduddursa (məsələn, növbəti təhsil pilləsində birbaşa davam etdirmək hüququ vermirsə) ölkəmizdə də həmin hüquq verilməyəcək;

Xaricdə təhsilinizi bitirdikdən sonra nə etməlisiniz?

Ali təhsil haqqında sənədlər tanınma üçün təqdim edilməmişdən əvvəl verildiyi ölkədə müvafiq qaydada leqallaşdırılmalıdır.

Bir qayda olaraq “Haaqa Konvensiyası”-na qoşulan dövlətlərin ali təhsil haqqında sənədləri (diplom və ona əlavə) "apostil" möhürü ilə leqallaşdırılmalıdır.

Apostilin 3-cü bəndində rektorun imzasının, 4-cü bənddə isə universitetin möhürünün həqiqiliyi təsdiq olunur.

“Haaqa Kovensiyası”na qoşulmayan xarici ölkələrdə alınan ali təhsil haqqında sənəd və ona əlavə sənədi verən ölkənin Təhsil Nazirliyində (və ya təhsilin keyfiyyətinə nəzarət edən səlahiyyətli qurumda) müvafiq qanunlara uyğun olaraq təsdiq edildikdən sonra Azərbaycanın sənədi verən ölkədəki səfirliyində (konsulluğunda) leqallaşdırılmalıdır.

Göründüyü kimi sənəd əvvəl Birləşmiş Ərəb Əmirliklərinin qanunvericiliyinə uyğun Ali Təhsil və Elmi Araşdırmalar Nazirliyində, həmçinin BƏƏ Xarici İşlər Nazirliyində təsdiqləndikdən sonra ölkəmizin Dubay şəhərindəki konsulluğunda rəsmiləşdirilib.

Əlavə məlumat üçün məsləhət saatlarında Təhsil Nazirliyi yanında Akkreditasiya və Nostrifikasiya İdarəsinə müraciət etmək olar (hər həftənin çərşənbə günü saat 16:00-17:00).

0
10