Fərəc Qarayevin əsəri beynəlxalq festivalda səsləndiriləcək

Fərəc Qarayevin əsəri beynəlxalq festivalda səsləndiriləcək

Noyabrın 2-dən 6-dək Moskva Filarmoniyasının P.Çaykovski adına konsert zalında “Başqa məkan” (“Druqoye prostranstvo”) V Beynəlxalq Aktual Musiqi Festivalı keçiriləcək. Noyabrın 5-də festivalda Azərbaycan Əməkdar incəsənət xadimi, bəstəkar Fərəc Qarayevin “1791” serenadası səsləndiriləcək.

Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən Oxu.Az-a bildirilib ki, festivalda “1791” serenadası Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin (bədii rəhbər və baş dirijor - Xalq artisti Rauf Abdullayev) ifasında təqdim ediləcək.

Fərəc Qarayevin 1983-cü ildə yazdığı əsər ondan bir il əvvəl simfonik orkestr üçün bəstələdiyi “Mən Motsart ilə Praqada Karlov körpüsündə vidalaşdım” serenadasının variantıdır.

Musiqi tarixi ilə bağlılıq, klassisizm ənənələri bəstəkarın yaradıcılığında mühüm yer tutur. “1791” serenadasının premyerası 1984-cü il martın 19-da Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) böyük zalında keçirilib. Əsər Rauf Abdullayevin dirijorluğu ilə konservatoriyanın opera studiyasının kamera orkestri tərəfindən ifa olunub.

Aytən Sadıqzadə

0
14