Qəbələdə Beynəlxalq Mürəbbə Festivalı keçiriləcək

Qəbələdə Beynəlxalq Mürəbbə Festivalı keçiriləcək

Avqustun 27-də Qəbələdə IV Beynəlxalq Mürəbbə Festivalı keçiriləcək.

Festival Mədəniyyət və Turizm Nazirliyi, Qəbələ Rayon İcra Hakimiyyəti, Azərbaycan Milli Kulinariya Mərkəzi və Azərbaycan Milli Kulinariya Assosiasiyasının birgə təşkilatçılığı ilə baş tutacaq.

Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən Oxu.Az-a bildirilib ki, beynəlxalq festivala Azərbaycanın bölgələrindən, həmçinin 10-dək xarici ölkədən qonaq və iştirakçılar qatılacaqlar.

Festivalda münsiflərin rəyi əsasında ən yaxşı mürəbbə hazırlayanlar müxtəlif nominasiyalar üzrə mükafatlandırılacaqlar.

Son illər müxtəlif beynəlxalq mədəni tədbirlərə, festivallara ev sahibliyi edən Qəbələdə mürəbbə ustalarının yarışması ilk dəfə 2013-cü ildə gerçəkləşib.

2013-cü ildə festivalda respublikamızın 11, sonrakı il 20, 2015-ci ildə isə 30 şəhər və rayonundan, eləcə də beş xarici ölkədən şirniyyatçılar iştirak edib. Ötən il keçirilən beynəlxalq festivalda Türkiyə, Rusiya, İran, Serbiya, Qırğızıstan şirniyyatçıları öz məhsullarını nümayiş etdiriblər.

Festivalın keçirilməsində əsas məqsəd xalqımızın qeyri-maddi mədəni irsinin qorunub saxlanmasına nail olmaqdır.

A.S.

0
44