Rio-2016: Demyanenko və Osipenko-Radomskaya yarımfinalda

Rio-2016:  Demyanenko və Osipenko-Radomskaya yarımfinalda

Bu gün Rio Olimpiadasında daha iki avarçəkənimiz start xəttinə çıxacaq. Apasport.az saytının məlumatına görə, yığmamızın liderlərindən Aleksandr Demyanenko və İnna Osipenko-Radomskaya millimizin medal sayını artırmağa çalışacaqlar.

Öncə Demyanenko 1 nəfərlik kanoe qayığı (C-1) ilə 200 metr məsafədə London-2012-dəki uğursuzluğu unutdurmağa çalışır. O, ilk olaraq təsnifat mərhələsində yarışıb. Dördüncü seçmə qrupda mübarizə aparan Demyanenkonun rəqibləri bolqarıstanlı Angel Kodinov, italiyalı Karlo Taççini, litvalı Henrikas Justautas, iranlı Adel Mojallalimoğadam və avstraliyalı Ferents Şekşardi olub. Təmsilçimiz 200 m məsafəni 39,749 saniyəyə qət etməklə, nəinki yürüşün, bütün mərhələnin ən yaxşısı kimi yarımfinala yüksəlib.

Demyanenko yarımfinal mərhələsində 3-cü seçmə qrupda mübarizə aparacaq. 5-ci zolaqda çıxış edəcək təmsilçimizin rəqibləri Stefan Kiray (Almaniya), Zaza Nadiradze (Gürcüstan), Helder Silva (Portuqaliya), Conatan Haydu (Macarıstan), Yuri Çeban (Ukrayna), Mark Olderşou (Kanada) olacaq. Bu yürüş Bakı vaxtı ilə saat 17:56-da başlayacaq.

İlk cəhdində 1 nəfərlik kayak qayığı ilə (K-1) 200 metr məsafəyə yürüşdə bürünc medal qazanan İnna Osipenko-Radomskaya isə bu dəfə gücünü 500 metr məsafədə sınayır. Dördüncü seçmə qrupda çıxış edən xanım idmançımızın bu mərhələdəki rəqibləri slovakiyalı Martina Kohlova, serbiyalı Dalma Ruziçiç Benedek, polşalı Evelina Vojnarovska, avstriyalı İvonne Şurinq, avstraliyalı Naomi Flud və rusiyalı Yelena Anyuşina olub.

Milliləşdirilmiş legionerimiz finiş xəttinə 1 dəqiqə 51,750 saniyəyə çatmaqla, 4-cü yürüşün deyil, təsnifat mərhələsinin birinci olub. O, ən yaxın izləyicisini 0,443 saniyə qabaqlayıb.

Təmsilçimizin yüksəldiyi yarımfinal mərhələsi saat 18:17-də başlanacaq. Yarımfinalda ilk 2 yeri tutanlar və 3-cü yerin sahibləri arasında 2 ən yaxşısı həlledici mərhələyə adlayacaq. Final mərhələsinin yürüşü isə avqustun 18-də saat 17:11-də başlanacaq.

0
15