Azərbaycan filmləri ilk dəfə Peruda

Azərbaycan filmləri ilk dəfə Peruda

Perunun paytaxtı Limada 20-ci Beynəlxalq Kinofestival keçirilib. Ölkəmizin Perudakı diplomatik nümayəndəliyi, Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə ilk dəfə olaraq Azərbaycan filmləri də kinofestivalda nümayiş olunub.

Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən Oxu.Az-a bildirilib ki, festivalda Azərbaycan kinosunun müxtəlif dövrlərini əhatə edən ekran əsəri - “Arşın mal alan”, “O olmasın, bu olsun”, “Yarasa”, “Özgə vaxt”, “Çölçü”, “Nabat” və “Axınla aşağı” bədii filmləri ispan dilində subtitrlərlə nümayiş etdirilib.

Festival çərçivəsində 400-ə yaxın müxtəlif janrda xarici filmlər, o cümlədən Latın Amerikası, Fransa, İsveçrə və bir sıra ərəb ölkələrinin filmləri təqdim edilib.

Böyük Milli Teatrda keçirilmiş festivalın təntənəli açılış mərasimində Peru Respublikasının mədəniyyət naziri Xorxe Nieto Montesinos çıxış edərək Latın Amerikası kinematoqrafiyası haqqında danışıb.

Kinofestivalda nümayiş olunmuş filmləri Peru Mədəniyyət Nazirliyinin kinoteatrında, Peru Milli Kitabxanasının kinoteatrlarında, mədəniyyət mərkəzlərində, habelə ölkənin digər şəhərlərindəki böyük kinoteatrlarda bir milyondan artıq tamaşaçı izləyə bilib.

Aytən Sadıqzadə

0
13