“Huaweı Azərbaycan” yeni məhsullarını təqdim etdi – FOTO

“Huaweı Azərbaycan” yeni məhsullarını təqdim etdi – FOTO

Bakıda “Huaweı İKT” sərgisi işə başlayıb.

“Huaweı Azərbaycan” şirkəti tərəfindən avqustun 15-dən “Bulvar Hotel”də “Huaweı İKT” sərgisi öz işinə başlayıb. Sərgi avqustun 18-dək davam edəcək. Bu sərgi şirkətin ölkədə həyata keçirdiyi “Gözəl Azərbaycan” adlı sosial layihənin bir hissəsidir.

Şirkətin ən son məhsullarını özündə cəmləşdirən “Huaweı İKT” avtobusunun Çinin şəhərlərindən biri olan Şanxaydan Azərbaycana gəlməyi nə az, nə çox düz iki ay çəkib. Növbəti dayanacaq isə Gürcüstan olacaq.

Sərginin açılış mərasimində “Huaweı”in baş icraçı direktoru Cao Zejun, şirkətin Mərkəzi Asiya və Qafqaz ölkələri üzrə regional direktoru Li Yu Xin, Çinin ölkəmizdə yeni təyin olunmuş səfiri Vey Cinhua, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin şöbə müdiri Nazim Cəfərov və digər qonaqlar iştirak ediblər.

Şirkətin Mərkəzi Asiya və Qafqaz ölkələri üzrə regional direktoru Li Yu Xin deyib ki, şirkətin 20% İKT-ə qoyduğu investisiya ölkənin ÜDM-ni 1% artırmaqdadır:

“Sizi Huawei 2016-ci il İKT sərgisində salamlayıram, xoş gəlmisiniz.

Dünya iqtisadiyyatı bizim istəyimizdən asılı olmayaraq, rəqəmsal iqtisadiyyata çevrilmişdir. Kompüter texnologiyasının sürətli inkişafı, böyük verilənlər və mobil texnologiyaların kombinasiyası çox yüksək dinamik İKT mühitini yaradıb. Mərkəzi Asiya və Qafqaz ölkələri daimi olaraq İKT sahəsinin inkişaf tələbləri ilə qarşılaşırlar.

50-dən çox ölkənin İKT sektorunun inkişafına dəstək verməkdə olan şirkət kimi ÜDM-nin inkişafı göstəricini növbəti rəqəmlərlə ifadə etməkdədir. 20% İKT-ə qoyulan investisiya ölkənin ÜDM-nin 1% artırmaqdadır. İKT rəqəmsal iqtisadiyyata keçid üçün təşkilatçıya çevrilib. Bütün ölkələr İKT-i strateji əhəmiyyətli sektor olaraq qeyd edir”.

Şirkətin regional prezidenti Azərbaycanın İKT bazarının potensial inkişaf üçün hazır olduğunu bildirib:

“İnkişaf etmiş ölkələr ilə müqayisədə inkişaf etməkdə olan ölkələr hələ də genişzolaqlı internet, elektron dövlət, elektron ticarətin inkişafına ehtiyatla yanaşır. Hazırda daha çox İKT infrastrukturun, stasionar şəbəkələrin, “data center” kimi İKT sahələrinin inkişafına ehtiyac var. Bu prosesdə dövlət nümayəndələri, operatorlar, vendorlar sıx qarşılıqlı əlaqədə olmalıdırlar.

Azərbaycan şirkət üçün strateji əhəmiyyətə malikdir. Azərbaycan Çin ilə olan İpək yolunun əhəmiyyətli bir hissəsidir. Azərbaycan hökuməti İKT-nin inkişafına yüksək diqqət ayırmaqdadır. Əminik ki, Azərbaycanın İKT bazarı potensial inkişaf üçün hazırdır.

Biz Azərbaycan hökuməti, yerli partnyorlar, operatorlar, müştərilər ilə sıx əməkdaşlıq etməklə milli genişzolaqlı şəbəkənin və mobil genişzolaqlı şəbəkənin quruculuğunda yaxından iştirak edəcəyimizə ümidvarıq. Ümidvarıq ki, Azərbaycanda yeni rəqəmsal şəbəkənin quruculuğunda yaxından iştirak edəcəyik”, - deyə şirkətin Mərkəzi Asiya və Qafqaz ölkələri üzrə regional direktor Li Yu Xin sərginin açılış mərasimində deyib.

Çinin ölkəmizdə yeni təyin olunmuş səfiri Vey Cinhua isə iki ölkə arasında qarşılıqlı səfərlərin ölkələrin siyasi-iqtisadi əlaqələrinin inkişafında mühüm yer tutduğunu qeyd edib:

“Çin-Azərbaycan siyasi-iqtisadi münasibətləri sürətlə inkişaf edir. Ötən ilin dekabrında Azərbaycan Prezidenti İlham Əliyevin Çinə dövlət səfərini və bu il mayın 31-də Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun daimi üzvü, Çin Xalq Respublikası Dövlət Şurası sədrinin birinci müavini Can Qaolinin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri bu əlaqələrin inkişafına mühüm töhfələr verir.

Həmin səfərlər nəqliyyat, logistika, neft-qaz, rabitə və informasiya texnologiyaları sahələrində Çin-Azərbaycan əməkdaşlığının yeni mərhələyə qədəm qoymasına təkan verib.

“Huaweı” Azərbaycanın rabitə və İKT sektoruna mühüm töhfələr verir”.

V.Cinhua “Huaweı Azərbaycan” şirkətinin “Gözəl Azərbaycan” layihəsini qeyri-adi layihə adlandırıb və onun Çin-Azərbaycan əlaqələrinə mühüm töhfələr verəcəyini deyib. Bu layihə sayəsində bir çox Çin şirkətləri Azərbaycana gələcək, investisiya yatıracaq.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin şöbə müdiri Nazim Cəfərov isə Azərbaycanda İKT, rabitə və yüksək texnologiyalar sahəsində aparılan islahatlar və həyata keçirilən layihələrə toxunaraq ölkəmizin regional və qlobal layihələrin təşəbbüskarı kimi çıxış etdiyini qeyd edib.

Azərbaycanda dinc məqsədlərlə istifadəsi nəzərdə tutulan nüvə texnologiyasının tətbiqi, nüvə energetikası sahəsində aparılan işlərdən danışan N.Cəfərov bu məqsədlə Milli Nüvə Tədqiqatları Mərkəzinin yaradıldığını, eyni zamanda “Azərspace”, “Azersky” peyklərinə malik olan ölkəmizdə kosmik sənaye potensialının möhkəmləndirilməsi istiqamətində hazırda növbəti peyk layihələrinin icra edildiyini nəzərə çatdırıb.

Nazirliyin şöbə müdiri Azərbaycanın ikinci telekommunikasiya peyki olan “Azərspace-2”-nin orbitə çıxarılacağını qeyd edib. O, həmçinin bu il XXII Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları “Bakutel 2016” sərgi və konfransının keçirilməsinin planlaşdırıldığını da bildirib.

Şirkətin Azərbaycan üzrə CEO-su Cao Zejun qeyd edib ki, biz Azərbaycan bazarında həm müştəri şirkətləri üçün, həm də müxtəlif həllər üçün cihazlar təqdim edirik:

“Biz “Huaweı” olaraq, “Gözəl Azərbaycan” layihəsini başlamışıq. Bu layihəni təkcə sosial yox, eyni zamanda İKT sektoru üzrə genişləndiririk. Ona görə biz öz avadanlıqlarımızı bura gətirmişik və həmin sərgini təşkil etmişik. Bu sərgi Azərbaycandan sonra Gürcüstanda keçiriləcək və “Huawei” missiyasını davam etdirəcək.

“Huaweı” əvvəldən sona kimi həlləri təqdim edən şirkətdir. Burada şirkətin radioavadanlıq, həm də mobil cihazları, bütün İKT sektorunda tələb olunan və geniş istifadə edilən avadanlıqlar təqdim edilib. Siz bunlara baxaraq gələcəyin yolunu görəcəksiniz.

Əsas məsələ ondan ibarətdir ki, “Huaweı” çox innovativ şirkətidir. İKT sektoru üzrə son innovasiyaları təqdim etməkdə davam edir. Azərbaycan bazarında biz həm müştəri şirkətləri üçün, həm də müxtəlif həllər üçün cihazlar təqdim edirik. Təklif olunan avadanlıqlar keyfiyyətli, eyni zamanda qiymətləri də münasibdir. Mobil operatorlar üçün lazım olan avadanlıqların qiyməti də münasibdir. Biz təkcə cihaz yox, həllər də təklif edirik.

Məsələn, görürsüz ki, şirkət “Gözəl Azərbaycan” layihəsini sizin vətəndaşlar üçün təklif edirik. Bu, Azərbaycanın gözəlliyini göstərir. Mənə göstərin elə bir şirkət ki, bu cür sosial layihələri Azərbaycanda işıqlandırır. “Gözəl Azərbaycan” layihəsi çərçivəsində sərgi təşkil edilib”.

“Təbii ki, bizim Azərbaycan bazarında genişlənmək niyyətimiz var. Biz çalışırıq ki, öz yeni məhsullarımız ilə Azərbaycan insanına dəstək olaq”, - craçı direktoru Cao Zejun Oxu.Az-a açıqlamasında deyib.

“Biz əvvəllər mobil şirkətlər və mobil şəbəkə əsasında öz nöqtələrimizi qurmuşduq. İndi isə biz istifadəçilərə fokuslanmışıq, onlara dəstək olmağa çalışırıq.

Əsas məqsədimiz hazırda insan və onun istəkləridir”, - deyə Cao Zejun sözlərinə əlavə edib.

Daha sonra tədbir iştirakçıları “Huaweı İKT” avtobusuna baş çəkiblər.

Bir daha xatırladaq ki, sərgi avqustun 18-dək davam edəcək.

Ülviyyə R. Əli

Nüsrət Abdullayev (FOTO)

0
18