Rio-2016: Rəsul Çunayevin "bürünc" uğrunda rəqibi bəlli oldu

Rio-2016: Rəsul Çunayevin "bürünc" uğrunda rəqibi bəlli oldu

Rio-2016 Yay Olimpiya Oyunlarında güləş yarışları davam edir. Apasport.az saytının məlumatına görə, bu gün Yunan-Roma güləşində ölkəmizi 66 kq çəkidə təmsil edən Rəsul Çunayev mötəbər turnirdə debüt edib.

Avropa və dünya çempionumuz mübarizəyə 1/16 finaldan start verib. O, ilk cəhdində kubalı Migel Palasio Martinezlə münasibətinə aydınlıq gətirib. Görüş həmyerlimiz üçün uğursuz başlasa da, Çunayev məğlubiyyətdən qaça bilib. Pəhlavanımız 0:2 hesabı ilə geridə olduğu görüşü 4:2 hesabı ilə xeyrinə bitirib.

Rəsulun 1/8 finalda rəqibi rusiyalı İslambek Albiyev olub. Bu döyüş də həmyerlimizin qələbəsi ilə yekunlaşıb. Çunayev yenə də 0:2 hesabı ilə geri düşməsinə baxmayaraq, rəqibini 3:2 hesabı ilə məğlub edib.

Güləşçimiz 1/4 finalda Tarek Aziz Benaissa (Əlcəzair) ilə üz-üzə gəlib. Qarşılaşma həmyerlimizin təmiz qələbəsi ilə yekunlaşıb. Rəsul görüşün taleyini ilk hissədə həll edib - 10:2.

O, finala gedən yolda erməni Miqran Arutyunyanla güləşib. Təəssüf ki, Çunayev ilk görüşdəki uğurunu davam etdirə bilməyib. İlk hissədə 0:4 hesabı ilə uduzan həmyerlimiz növbəti hissədə fərqi azaltsa da, bu onun finala çıxmasına kifayət etməyib - 1:4.

Məğlubiyyətə baxmayaraq, Rəsulun medal qazanmaq şansı davam edir. O, saat 00:15-də bürünc uğrunda güləşəcək. Rəqib isə cənubi koreyalı Hansu Ryu olacaq.

Qeyd edək ki, güləş yarışlarının ilk günündə Rövşən Bayramov (59 kq) və Elvin Mürsəliyev (75 kq) müvafiq olaraq, 5-ci və 7-ci yerləri tutublar. İkinci gün isə Saman Təhmasibi (85 kq) 13-cü olubsa, ən ağır çəkidə (130 kq) mübarizə aparan Sabah Şəriəti 3-cü yeri tutaraq isə güləş yığmamıza ilk medalı qazandırıb.

0
19