Dilqəmin oğlu: Atamı tanıya bilmədim, çox qocalıb

Dilqəmin oğlu: Atamı tanıya bilmədim, çox qocalıb

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən azərbaycanlılara baş çəkiblər.

Oxu.Az xəbər verir ki, bunu BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib.

Onun sözlərinə görə, başçəkmə avqust ayında gerçəkləşib. BQXK-nın nümayəndələri Dağlıq Qarabağda saxlanılan azərbaycanlılara ailələrindən məlumatlar çatdırıb, onlardan da ailələri üçün məlumat alıblar.

İ.Hüseynovanın sözlərinə görə, BQXK mandatına uyğun olaraq saxlanılan şəxslərə ona görə baş çəkir ki, saxlanma şəraitini və onlarla davranışı monitorinq etsin və bu insanların ailələri ilə əlaqə saxlamasına yardımçı olsun.

Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov bildirib ki, atasının səhhətində ciddi problemlər var. Bundan əlavə, BQXK nümayəndələri tərəfindən ailəsinə D.Əsgərovun yeni görüntüləri təqdim olunub.

“Beynəlxalq Qızıl Xaç Komitəsi atamın yeni çəkilmiş şəkillərini bizə təqdim etdilər. 4 şəkil idi. Həmin şəkilləri bizə vermədilər. Şəkilə baxanda atamı tanıya bilmədim, çox qocalıb. Saçları ağappaq olub.

Atam qondarma məhkəmələr zamanı çəkilən fotolarda indikindən yaxşı görünürdü. Səhhətində ciddi problemlərin olduğu üzündən görünürdü. Komitədən isə bizə həmişə olduğu kimi bildirdilər ki, atamın səhhətində problem yoxdur. Şəkillərdə göndərdiyimiz ərzaqların atama təqdim olunması da əks olunub”.

D.Əsgərovun qardaşı Sahib Musayev bunları deyib:

“Axır ki, Dilqəmdən bir xəbər ala bildik. Keçən dəfə məktubda yazdıqlarının çox hissəsinin pozulmasına etiraz etdiyimə görə, bu dəfə mənə məktub gəlmədi. Etirazlarımızdan sonra Dilqəmin şəkilllərini bizə göstərdilər. Qardaşım indi 90 yaşında qoca kişiyə oxşayır. Bundan əvvəl şəklini 2015-ci ilin yanvarında göstərmişdilər. Fərq 20 ilə bərabərdir. Dilqəmin şəklini görəndə dəhşətə gəldik. İnsan bir neçə il ərzində belə qocala bilməz”.

Xatırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H.Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. İşğal altındakı Dağlıq Qarabağda D.Əsgərov və Ş.Quliyev üzərində qanunsuz “məhkəmə” qurulub. “Məhkəmə”nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

0
15