ANAMA: Son 6 gündə 45 ədəd PHS aşkarlanıb - FOTO

ANAMA: Son 6 gündə 45 ədəd PHS aşkarlanıb - FOTO

Əməliyyatlar davam etdirilir.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən 7-13 aprel tarixlərində Tərtər, Ağcabədi, Ağdam, Füzuli və Goranboy rayonlarında 45 ədəd partlamamış hərbi sursat (PHS) zərərsizləşdirilib. 

Bu barədə ANAMA-dan Oxu.Az-a daxil olan hesabatda deyilir.

Aprelin 13-də Agentlik tərəfindən Tərtər, Ağdam, Goranboy və Füzuli rayonlarında aşkar olunan partlamamış hərbi sursatlar aşağıdakı kimidir:

Tərtər rayonu

Qapanlı kəndi - gün ərzində Qapanlı kəndində 2 ev və həyətyanı sahədə 9 partlayış yerinə baxış keçirilib, partlamamış sursat aşkar edilməyib.

Əskipara kəndi - 4 ferma və 10 partlayış yerinə baxış keçirilib, 1 əkin sahəsində 30 ədəd 122 mm-lik partlamamış top mərmisi aşkar olunaraq götürülüb.

Ağdam rayonu

Əfətli kəndi - 4 həyətyanı sahəyə baxış keçirilib, 3 ədəd torpaq altında partlamış qrad raketinin qalıqları çıxarılıb.

Goranboy rayonu

Tapqaraqoyunlu kəndi - 12 ev və həyətyanı sahədə 14 partlayış yerinə baxış keçirilib, 13 ədəd partlamış və 1 ədəd partlamamış 122 mm-lik top mərmisi aşkar olunaraq götürülüb.

Füzuli rayonu

Mizənağılı kəndində 2 ev və həyətyanı sahədə 2 partlayış yerinə, Qazaxlar kəndində 1 ev və həyətyanı sahədə 1 partlayış yerinə və Əhmədalılar kəndində 2 ev və həyətyanı sahədə 2 partlayış yerinə baxış keçirilib, 5 ədəd partlamış sursatın qəlpələri və qalıqları götürülüb.

Ümumilikdə, ANAMA tərəfindən 7-13 aprel 2016-cı il tarixlərində Tərtər, Ağcabədi, Ağdam, Füzuli və Goranboy rayonlarında 176 ev və həyətyanı sahəyə, 4 ferma və 1 əkin sahəsinə baxış keçirilib, 45 ədəd PHS aşkar olunaraq zərərsizləşdirilib.

Hazırda Agentlik tərəfindən yaradılmış minaaxtaran itlərin dəstəyi ilə xüsusi təyinatlı mobil çevik qrupları tərəfindən təmas xəttində yerləşən kəndlərdə evlərlə yanaşı, məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə də əməliyyatlar davam etdirilir.

0
24