Ağayar Axundzadə: "Elmar Qasımov tələsməsə, qızıl medal qazana bilərdi"

Ağayar Axundzadə: "Elmar Qasımov tələsməsə, qızıl medal qazana bilərdi"

“Nəticələrimiz əladır. Olimpiadada 6 idmançımız uğurla çıxış etdi. Yığmamız komanda yarışında kişilər arasında 6-cı, ümumi mübarizədə 12-ci oldu. Böyük ölkələr arasında bu rəqabət sıxlıq təşkil edir. İdmançılarımızın bu yerləri tutması çox fərəhləndiricidir”. Bu fikirləri APA TV-nin “APAsport” layihəsinin qonağı, cüdo üzrə Azərbaycan yığmasının sabiq baş məşqçisi, eyni zamanda, Cüdo Federasiyasının İdarə Heyətinin üzvü Ağayar Axundzadə deyib.

Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunlarında 8-ci gün arxada qalıb. 4 illiyin ən möhtəşəm yarışına 56 idmançı ilə qatılan Azərbaycan millisinin yarısı artıq mübarizəyə qoşulub. Bu 28 atletdən yalnız 2-si medal qazanıb. Bunlar cüdoçular Rüstəm Orucovla (73 kq) Elmar Qasımovdur (100 kq).

Olimpiya yığmamızın, xüsusilə də ölkəmizə hər 2 gümüş medalı qazandıran cüdoçuların çıxışını dəyərləndirən təcrübəli mütəxəssis bildirib ki, idmançılarımız dünya reytinqində yüksək yerlərdə qərarlaşdıqlarından nəticələri olmalı idi: “İlboyu təmsilçilərimizin beynəlxalq arenada çıxışları onu göstərirdi ki, ustalıq səviyyələri daha da artıb. Elmar Qasımov reytinqdə öz çəkisində 1-ci, Rüstəm Orucov 2-ci pillədə idi. Orxan Səfərov da yuxarı yerdə qərarlaşmışdı. Bu səbəbdən də nəticə gəlməli idi. Səfərova daha çox ümid edirdim. Güclü rəqiblərə, Olimpiya mükafatçısı braziliyalı Felipe Kitadaiyə də qalib gəldi. Gözəl fəndlə onu məğlub etdi. Düzdür, hakimlər idmançımız əleyhinə qərar verdilər. Lakin sonra görüşün komissarları bunu dəyişdilər. Medala çox yaxın idi”.

Bütün idmançılarımızın çıxışını ayrı-ayrılıqda dəyərləndirən A. Axundzadə 60 kq çəki dərəcəsində 5-ci olan Orxan Səfərovun məğlubiyyətinin səbəbini də açıqlayıb. Onun sözlərinə görə, qalib gəlmək üçün tələsmək onun əleyhinə işləyib.

Nicat Şıxəlizadəyə (66 kq) də böyük ümidlər bəslənilirdi. Lakin o, ikinci döyüşündə italiyalıya Fabio Basileyə uduzaraq, yarışla vaxtından əvvəl vidalaşdı. Sabiq çalışdırıcının sözlərinə görə, onun məğlubiyyətində boşluqlar buraxması və müəyyən müddət öncə diskvalifikasiya səbəbindən idmandan kənar qalması rol oynayıb: “Çox təcrübəli idmançıdır. Amma ikinci döyüşündə əvvəllər qalib gəldiyi italiyalı rəqibinə məğlub oldu. Sonradan həmin cüdoçu Olimpiya çempionu da oldu. Olimpiada psixoloji baxımdan çox çətin yarışdır. Hər bir idmançı buna dözə bilmir”.

A. Axundazdə Nicatın çəkisində gələcəkdə dəyişikliyə ehtiyac olduğunu da deyib. Onun sözlərinə görə, 66 kq çəki dərəcəsində liderlər Şıxəlizadə, həmçinin reytinqdə geriləyən Tərlan Kərimovu əvəzləyə biləcək gənc nəsil də yetişir: “Hər şey pillə-pillə getdiyi üçün həm yeniyetmələrə, həm gənclərə xüsusi diqqət yetirməliyik. Çünki onlar da əsas komanda ilə birgə Olimpiadaya hazırlaşsınlar”.

73 kq çəki dərəcəsində 8 il öncə A. Axundzadənin rəhbərliyi altında Elnur Məmmədli Olimpiya çempionu tituluna yiyələnib. Rioda isə bu çəkidə Rüstəm Orucov yeni uğuru təkrarlamağa çalışsa da, finalda məğlub olaraq, gümüş medalla kifayətlənib. Mütəxəssisin fikrincə, həlledici döyüşdə yaponiyalı Şohei Ononun texniki baxımdan cüdoçumuzdan üstün olması “qızılı” rəsmiləşdirməyə imkan verməyib: “Rioda 6 idmançıdan Qasımovla Orucov London Olimpiadasında iştirak edib. İkinci cəhdlərində də onlar uğur qazandılar. Rüstəmin final döyüşünə gəlincə, şansları vardı, qalib gələ bilərdi. Mən də fikirləşirdim ki, bizim üçün doğma olan bu çəkində o da Elnurun nailiyyətini təkrarlaya bilər. Amma bu da böyük uğurdur. Elə reytinqli idmançılar var ki, heç Olimpiadada yer tutmadılar. Rüstəmi artıq bu çəkinin lideri hesab etmək olar. 2 il sonra Azərbaycanda keçiriləcək dünya çempionatında da uğurlarını sıralaya bilər”.

90 kq çəki dərəcəsində Məmmədəli Mehdiyev boyundan yuxarı tullandı desək, yanılmarıq. Çünki böyük ümidlər bəslənilməyən gənc idmançı 1/4 finala kimi inamla irəlilədi və yekunda 7-ci yerdə qərarlaşdı. A. Axundzadə bildirib ki, onun tsikldə çəki dərəcəsini dəyişməsi də mükafat qazana bilməməsinə səbəb olub: “Onun ilk rəqibi rusiyalı Kirill Denisov Olimpiya Oyunlarının mükafatçısıdır. Bununla yanaşı, həm təcrübə, həm də yaş baxımından Məmmədəlidən öndə idi. Rusiya kanalında da şərhçilər həmyerlilərin qalib gələcəyini deyirdilər. Amma sensasiyaya imza atdı. Mehdiyev fiziki cəhətdən 90 kq çəki dərəcəsinə hələ “oturmayıb”. İllər ərzində hazırlaşsa, çox perspektivli, çox cürətli idmançıdır. Onun üçün dünya, ya Olimpiya çempionu ilə güləşməyinin fərqi yoxdur”.

Pekin-2008-də olduğu kimi yenə 100 kq çəki dərəcəsində medal qazandıq. Elmar Qasımov ona bəslənilən ümidləri doğrultdu. Bu çəki dərəcəsində dünya reytinqində 1-ci olan idmançının Rioda da 1-ci olmamasının səbəbini açıqlayan federasiya rəsmisi bildirib ki, tələsməyi fəxri kürsünün ən yüksək pilləyə qalmasına imkan verməyib: “Birinci görüşdə rusiyalı Olimpiya, dünya çempionu Taqir Xaybullayevi məğlub etdi. Psixoloji baxımından o “baryer”i keçməsi bizim üçün də sevindirici oldu. Çünki Elmar ilk döyüşü keçirsə, o birilərində də qalib gəlir. Həmin vaxt arxayın oluruq ki, axıracan döyüşəcək. Birinci qarşılaşmanı uduzursa, onun “yarışı” olmadığı bilinir. Finalda qarşılaşdığı Lukaş Krpalek də çox güclü idmançıdır. İrəvanda keçirilən gənclərin Avropa çempionatınının finalında Elmar ona qalib gəlmişdi. O vaxt qalib gəlməsinə yenə sevinirəm. Çünki bizə Ermənistanda qələbə lazım idi. Həmin vaxt oradakılar üçün gözlənilməz oldu. Daimi rəqiblərindəndir, amma Rioda çox tələsdi. Həm də bütün görüşlərə tam gücünü qoyduğundan finala həmin gücü qalmamışdı”.

A. Axundzadə 100 kq çəki dərəcəsində Elmar Qasımovun yığmadakı rəqibi, dünya çempionu Elxan Məmmədovun gələcək taleyinə də aydınlıq gətirib.

Sabiq baş məşqçinin sözlərinə görə, yığmada yeganə legionerimiz, +100 kq dərəcəsində çıxış edən Uşanqi Kokaurinin Olimpiadada iştirakı belə uğurdur. Çünki cəmi 24 yaşı olsa da, əzmkarlığı ilə diqqət çəkir.

"London Olimpiadasını medalsız baş vurmuşduq. Pekində olduğu kimi Rioda yenə 2 medal qazandıq. Bu dəfəki nəticəni irəli addım sayırsız, yoxsa əvvəlki uğurların bərpası” sualına A. Axundzadə belə cavab verib: “Davam da sayıla bilər. Amma Londonda həm idmançı sayı çox idi, həm də qadınların yarışında təmsil olunurduq. Əfsuslar olsun ki, bu dəfə xanım idmançılarımız çıxış etmədilər. Amma bütün bunlara baxmayaraq, davam adlandıra bilərik. Həmişə istəyimiz ölkəmizə Olimpiadada töhfələr verməkdir. Həm də cənab prezidentin cüdoya daha çox marağı var. Bizim idmançıları şəxsən tanıyır, görüşlərdə də onlarla görüşür. Əlbəttə, London Olimpiadası uğursuz alınmışdı. Amma davamını gətirdik. Biz 2020-ci ildə Tokioda da uğur qazana bilərik”.

Rioda digər bir uğurumuz 2018-ci ildə dünya çempionatının Azərbaycana həvalə edilməsini vurğulayan A. Axundzadə komanda hesabında sabiq SSRİ ölkələri arasında Rusiyadan sonra ikinci olmağımızdan və yarımheyətlə (81 kq çəkidə idmançımızın olmaması və qadın cüdoçularsız) 4 cüdoçumuzun yığmamıza xal qazandırmasından da danışıb.

O, sonda bildirib ki, medal sayında Olimpiadan-olimpiadaya rekord vuran Olimpiya yığmamız Rioda da mükafatların sayını artıracaq: “Cüdo yarışları bitdiyindən digər növlərə azarkeşlik etməyə başlamışıq. Boksçularımızın, taekvondoçularımızın, güləşçilərimizin çıxışlarını səbirsizliklə gözləyirik. Medallarımızın ardı gəlməlidir. Keyfiyyət baxımından da mükafatların sayının artacağına inanıram”.

 
0
23