Dünyanın ən uzunömürlü onurğalı heyvanının adı açıqlandı

Dünyanın ən uzunömürlü onurğalı heyvanının adı açıqlandı

Qrenlandiya qütb köpəkbalığı (Somniosus macrocephalus) alimlər tərəfindən ən uzunömürlü onurğalı heyvan sayılıb. Danimarka, Norveç, ABŞ və Böyük Britaniya bioloqlarının fikrincə, bu köpəkbalığı təqribən 500 il yaşaya bilər.

Lent.az-ın “azərtac”-a istinadən xəbərinə görə, 2010-2013-cü illərdə alimlər 28 Qrenlandiya qütb köpəkbalığının gövdəsinin uzunluğunu ölçüblər, göz büllurunun radiokarbon analizini aparıblar. Nəticədə məlum olub ki, ən uzun köpəkbalığı (5,02 metr) 272-512 il əvvəl anadan olub. Alimlər qeyd edirlər ki, bu heyvanlar hər il orta hesabla bir santimetr uzanır.

Köpəkbalığının uzunömürlülüyünü onda metabolizmin aşağı olması ilə izah edirlər. Məsələn, dişi köpəkbalığı cinsi yetkinliyə 150 yaşında çatır. Alimlər heyvanların uzunömürlülüyü ilə bağlı molekulyar mexanizmləri müəyyən etmək üçün tədqiqatları davam etdirmək niyyətindədirlər.

Əvvəlki uzunömürlülük rekordu Qrenlandiya balinasına (Balaena mysticetus) məxsus idi. Bioloqların aşkar etdiyi heyvanın ən azı 211 il yaşı olub. Koya karpı, Atlantika yekəbaş balığı, nəhəng tısbağalar və nərəkimilərin bəzi növləri də uzunömürlü onurğalılardan sayılır.

0
10