“Nina” ölkəyə narkotik keçirilməsinin qarşısını aldı – FOTO

“Nina” ölkəyə narkotik keçirilməsinin qarşısını aldı – FOTO

Gömrük Komitəsi məlumat yaydı.

Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” Gömrük Postunda İrandan Azərbaycana gələn İran vətəndaşının idarə etdiyi sərnişin avtobusuna “Nina” ləqəbli xidməti itin tətbiqi ilə baxış keçirilib.

Oxu.Az Dövlət Gömrük Komitəsinin saytına istinadən xəbər verir ki, xidməti itin avtobusun salonunda olan 37-38 rəqəmi ilə nömrələnmiş sərnişin oturacağına verdiyi reaksiyaya əsasən həmin oturacaqda yoxlama aparılıb. 

Nəticədə oturacağın sağ kənar tərəfindən, oturacağın üzlüyünün altından gömrük nəzarətindən gizlədilən,üzəri yapışqanlı lentlə sarınmış, hər birində 10 ədəd həb olmaqla ümumilikdə 100 həbdən ibarət 10 konvalyut üzərində “Methadone 20” sözləri yazılmış narkotik xassəli dərman preparatı aşkar olunub.

Nəqliyyat vasitəsinin sürücüsü gömrükçülərə verdiyi ilkin izhatında avtobusdan aşkar edilən dərman preparatından xəbərsiz olduğunu, sərnişinlərdən hər hansı birinə aid ola biləcəyini bildirib. 

Narkotik xassəli dərman preparatının aşkar olunduğu oturacağın yaxınlığında əyləşən şəxs müəyyən edilib və Azərbaycan vətəndaşı olan həmin şəxs sifahi sorğu sual zamanı narkotik xassəli dərman preparatının ona məxsus olduğunu bildirib.

Xatırladaq ki, metadon “Azərbaycan Respublikası ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik maddələr”in 2-ci siyahısına daxildir.

0
32