Hadi Rəcəbli: Bəzi gəlinlər qab yuya, yumurta bişirə bilmirlər

Hadi Rəcəbli: Bəzi gəlinlər qab yuya, yumurta bişirə bilmirlər

“Oğlanlar da var ki, əlini əlinin üstünə qoyub oturub, ailənin sahibliyi qadındadır”.

Bəzən kişi-qadın münasibətləri İslam dini vasitəsilə təhrif olunmuş formada çatdırılanda ailə institutunun təməlini sarsıdır.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli “Ailə institutunun formalaşmasında adət-ənənələrimiz” adlı tədbirdə bildirib. 

O qeyd edib ki, ailə institutunun vacib tələblərindən biri Azərbaycanda qadının ailədəki yeri və rolunun qabardılmasıdır: 

“Nə qədər el adətlərinə sadiq qalsaq, bir o də qədər ailələrimiz möhkəm olacaq. Adət-ənənədən gələn prinsipləri yaşada bilsək, kişinin və qadının ailədə, cəmiyyətdə rolunu daha yaxşı anlamış olarıq. 

Ona görə də gərək ailə məsələsində də milli adət-ənənələrimizə, soy-kökümüzə bağlı olaq.

Belə olarsa, ailələrimiz daha da xoşbəxt olar, boşanmaların sayı minimuma enər. Çox təəssüf ki, hələ də evə gələn gəlinlərin qab yuya, yumurta bişirə bilmədiyini görürük.

Bəzi oğlanlar da var ki, əlini əlinin üstünə qoyub oturub, ailənin sahibliyi qadındadır, ailəni xanım edir. Biz Milli Məclisin əlaqədar komitələri kimi bu problemlərin aradan qaldırılması istiqamətində işlər görməliyik”.

H. Rəcəbli deyib ki, tərbiyənin təməli cəmiyyətdə yox, ailədə qoyulur:

“Bu gün övladı şəhid olan anaları görəndə onların necə oğul tərbiyə etdiklərini bilirik. Onlar həqiqətən də vətən üçün lazımlı övladlar böyüdüblər. Sovet dövründə biz elə başa düşürdük ki, tərbiyə cəmiyyətdə yaranır, ancaq zaman keçdikcə gördük ki, tərbiyənin təməli ailədə qoyulur.

Bu gün ailədə qızı sabahın gəlini, anası və qaynanası kimi tərbiyə etməyi bacarmalıyıq. Oğlanları isə eyni zamanda gələcəyin atası, ailə başçısı və qayınatası kimi tərbiyələndirməliyik”.

“Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi barədə danışan komitə sədri bildirib ki, bu sənəddə əksini tapmış məsələlərin əksəriyyəti əvvəlki qanunlarda var.

www.oxu.az

0
35