Nazir İsrail şirkətlərini Azərbaycana dəvət etdi

Nazir İsrail şirkətlərini Azərbaycana dəvət etdi

Cəbhədə baş verən son proseslər ilə bağlı səfir məlumatlandırılıb.

Hazırda Azərbaycanda 37 İsrail şirkəti fəaliyyət göstərir, bu şirkətlər tenderlərdə də iştirak edirlər. 

Oxu.Az-a İqtisadiyyat nazirliyindən verilən məlumata görə, bu sözləri İqtisadiyyat naziri Şahin Mustafayev İsrail Dövlətinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Dan Stav ilə görüşündə bildirib. 

Qeyri-neft sektorunun ölkə iqtisadiyyatının prioritet istiqaməti olduğunu diqqətə çatdıran nazir səhiyyə, əczaçılıq, kənd təsərrüfatı, İKT, turizm, qeyri-neft məhsullarının ixracı sahələrində əməkdaşlıq üçün geniş imkanların olduğunu, qeyri-neft sektorunda birgə müəssisələrin yaradılmasının mümkünlüyünü qeyd edib. 

Bildirilib ki, Azərbaycan əczaçılıq məhsullarının istehsalında maraqlıdır və bu sahədə İsrail ilə birgə istehsal müəssisəsinin yaradılması mümkündür. 

Bundan başqa, kənd təsərrüfatında intensiv motodların tətbiqi sahəsində təcrübənin öyrənilməsi, müasir texnologiya və avadanlıqların gətirilməsi və Azərbaycanda birgə istehsalının təşkili sahəsində əməkdaşlıq imkanları genişdir. 

Xarici şirkətlərin, o cümlədən İsrail iş adamlarının ölkəmizdə səmərəli fəaliyyəti üçün sənaye parklarında da əlverişli şərait yaradılıb. 

Qeyri-neft sektorunda ölkəmizin potensialı ilə yaxından tanış olmaq və əməkdaşlıq imkanlarının öyrənilməsi məqsədilə nazir Ş.Mustafayev İsrail şirkətlərini Azərbaycana səfərə dəvət edib. 

Görüşdə nazir Ş.Mustafayev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair ölkəmizin ədalətli mövqeyini bir daha diqqətə çatdırıb. 

Ermənistanın növbəti təxribatı nəticəsində cəbhə xəttində yaşanan son hadisələr barədə səfiri məlumatlandırıb. 

İsrail Dövlətinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Dan Stav ölkələrimiz arasında iqtisadi əməkdaşlığın inkişafı üçün geniş imkanların olduğunu, səfirliyin iqtisadi əlaqələrin genişləndirilməsini təşviq etdiyini vurğulayıb.  

Səfir D.Stav İsrail şirkətlərinin iqtisadiyyatın müxtəlif sahələrinə, o cümlədən əczaçılıq, nəqliyyat və telekommunikasiya, suvarma sahəsində avadanlıq istehsalı sahələrinə maraq göstərdiyini diqqətə çatdırıb. 

Ülviyyə R. Əli
www.oxu.az

0
18