Rio-2016: Üç boksçumuz ilk, Teymur Məmmədov ikinci döyüşünə çıxır

Rio-2016: Üç boksçumuz ilk, Teymur Məmmədov ikinci döyüşünə çıxır

Bu gün Rio-2016 Yay Olimpiya Oyunlarında boks yarışları davam edəcək. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının daha 4 üzvü mübarizəyə qoşulacaq.

Rinqə ilk olaraq Cavid Çələbiyev çıxacaq. 56 kq çəki dərəcəsində mübarizə aparacaq dəri əlcək ustamız yarışa 1/16 finaldan start verəcək. Onun rəqibi qazaxıstanlı Kayrat Yeraliyev olacaq. Görüş Bakı vaxtı ilə 00:30-da start götürəcək.

Bu döyüşdən 15 dəqiqə sonra daha bir təmsilçimiz yumruğunun gücünü sınayacaq. 64 kq çəkidə mübarizə aparan Lorenzo Sotomayor da Olimpiadaya 1/16 finaldan başlayacaq. Avropa Oyunlarının qızıl medalçısı debütdə ukraynalı Volodimir Matviçuku mübarizədən kənarlaşdırmağa çalışacaq.

Gecənin üçüncü matçında Pərviz Bağırov (69 kq) çıxış edəcək. Dünya çempionatının bürünc, Avropa Oyunlarının isə qızıl medalını qazanmış gənc boksçumuz 1/8 finalda Fransa təmsilçisi Sissoko Süleyman Diopla münasibətlərinə aydınlıq gətirəcək. Bu döyüş gecə 01:30-da start götürəcək.

Nəhayət azərbaycanlı bokssevərlər gecəyə bayraqdarımız Teymur Məmmədovun çıxışı ilə yekun vuracaqlar. 81 kq çəkidə döyüşəcək London Olimpiadasının bürünc, Avropa Oyunlarının qızıl medalçısı ikinci matçını keçirəcək. O, 1/8 finalda hollandiyalı Peter Müllenberq ilə üz-üzə gələcək. Gecənin son döyüşü 02:30-da start götürəcək.

0
53