Bakıda “Avropa Şəhərciyi 2016” festivalı keçiriləcək

Bakıda “Avropa Şəhərciyi 2016” festivalı keçiriləcək

Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi Aİ-yə üzv ölkələrin səfirlikləri ilə birlikdə və Milli Dənizkənarı Parkın administrasiyasının tərəfdaşlığı ilə “Avropa Şəhərciyi 2016” festivalı keçirəcək.

Aİ-nin Azərbaycandakı Nümayəndəliyindən Oxu.Az-a verilən məlumata görə, tədbir bu il oktyabr ayının 1-də Bakının Milli Dənizkənarı Parkında (bulvarda) təşkil olunacaq.

Bu il Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi və Avropa İttifaqına üzv ölkələrin Bakıdakı səfirlikləri - Azərbaycan Respublikası ilə mövcud əməkdaşlığın 25 illiyini bir neçə tədbir çərçivəsində qeyd edirlər. Tədbirlərdən biri 2013-cü ildən etibarən ardıcıl olaraq İçəri Şəhərdə keçirilən “Avropa Şəhərciyi” tədbiridir.

“Avropa Şəhərciyi” bütün əhali üçün açıq ictimai məkanda təşkil edilən bir mərasimdir. Festivalın keçirilməsində məqsəd Avropa İttifaqına üzv ölkələrə öz mədəniyyət və ənənələrini nümayiş etdirmək üçün imkan yaratmaqdır.

Bir gün davam edəcək “Avropa Şəhərciyi 2016” festivalı çərçivəsində uşaq və böyüklər üçün çoxsaylı müsabiqə və viktorinalar, Avropa ölkələrinə virtual səyahət, milli rəqs və karaoke ifaları, feys-art, şahmat yarışı və s. təşkil olunacaq. Müsabiqə və viktorinaların qaliblərini isə xüsusi hədiyyələr gözləyir.

Festivala gələn qonaqlar “qaspaço” və “paella” kimi tanınmış Avropa yeməklərinin hazırlanması üzrə kulinariya şousuna tamaşa etməklə yanaşı pizza xəmirinin virtuoz-aşpaz tərəfindən havada fırladılması şousunu yaxından izləyə biləcəklər.

Tədbirdə xüsusi olaraq uşaqlar üçün sehrbazın çıxışı və müxtəlif şoular təşkil olunacaq, ardınca “Səs” (Azərbaycan) layihəsinin iştirakçıları öz ifaları ilə tədbiri davam etdirəcəklər. Festival Avropadan dəvət olunmuş estrada ulduzunun konsert proqramı ilə yekunlaşacaq.

A.S.

0
17