Azərbaycanlı atlet: “Əziz Yıldırım məndən medal gözləyir”

Azərbaycanlı atlet: “Əziz Yıldırım məndən medal gözləyir”

“Türkiyə mənim üçün yad ölkə deyil. Qonşudan da yaxındı”. Apasport.az saytının məlumatına görə, bunu azərbaycanlı atlet Ramil Quliyev deyib.

Yığmamızdan imtina edərək, Türkiyə millisini seçən idmançı Rio Olimpiadası ilə bağlı fikirlərini açıqlayıb.

200 m və 4X100 m məsafəyə qaçışlarda iştirak edəcək Quliyev bildirib ki, əsas məqsədi Braziliyada uğur qazanmaqdı: “Hər bir idmançı üçün Olimpiadaya qatılmaq böyük qürurdu. Mən də Türkiyə bayrağı altında ilk dəfə bu xoş hissləri yaşayacam. Braziliyada uğur qazanmaq istəyirəm. İlk hədəfim finala yüksəlməkdi. Finalda isə nəyisə əvvəlcədən demək olmaz. 200 m məsafəyə qaçışda 7-8 güclü idmançı var. Sürətlə yanaşı, taktiki savaş da gedəcək. Ancaq finalda motivasiya başqa cür olur. Ötən ay keçirilən Avropa çempionatında gümüş medal qazanaraq, karyeramın ən yaxşı nəticəsini qazandım. Bu mənim üçün Olimpiada öncəsi bir məşq oldu. Rioda isə bundan da yaxşı nəticə göstərmək istəyirəm”.

O növbəti dəfə Azərbaycan və Türkiyə idmanını müqayisə edib: “Bakıda anadan olsam da, illər öncə Türkiyəni seçdim. Çünki buradakı şərait daha yaxşıdı. Yarışlarda iştirak üçün Avropa ölkələrinə dəfələrlə səyahət etmişəm. Onların baxışı Türkiyədəki kimi deyil. Azərbaycan idmanında da son illər böyük inkişaf var. Amma atletika növü Türkiyədən geri qalır. Mən də bu səbəbdən öz ölkəm kimi gördüyüm Türkiyəni seçdim. “Ay-ulduzlu” formanı geyib start xəttinə çıxarkən öz ölkəm üçün mübarizə aparıram. Çünki Azərbaycanla Türkiyəni 2 ayrı ölkə kimi görmürəm. Dilimiz də, dinimiz də birdi”.

Quliyev təmsil etdiyi klubun rəhbərliyinin ondan mükafat gözlədiyini də söyləyib: “5 ildi “Fənərbaxça”nın şərəfini qoruyuram. Lisenziya qazanmağımda da onların böyük köməkliyi oldu. Klub prezidenti Əziz Yıldırım tez-tez zəng vurub, bir şeyə ehtiyacımın olub-olmadığını soruşur və mənimlə maraqlanır. Sonuncu dəfə zəng vuranda məndən Rioda medal gözlədiyini dedi”.

0
23