Avto FM “İlin avtoradiosu” adını qazandı – FOTO

Avto FM “İlin avtoradiosu” adını qazandı – FOTO

Avqust ayının ilk istirahət günlərində Qəbələ şəhərində fəaliyyət göstərən “Qəbələnd” əyləncə mərkəzində “Qafqaz Motor - Şou - 2016” avtomobil sərgisi keçirilib.

Oxu.Az xəbər verir ki, 14-cü dəfə baş tutan sərgini Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası (AADA) və “Autograph” TV-proqramı təşkil edib.

Rəsmi informasiya partnyorları qismində Oxu.Az İnformasiya Agentliyi və Avto FM - 107.7 FM radiosu çıxış ediblər.

Çoxsaylı yerli və xarici turistlərin yer aldığı avtoşouda rəsmi avtomobil idxalçıları iştirak ediblər.

Stenlərdə “KİA”, “Hyundai”, “Fiat”, “Jeep”, “Renault”, “Porsche”, “Bentley” və başqa markalara mənsub olan yeni modellərlə tanış olmaq mümkün olub. Qonaqlar xüsusi poliqonda modeli sürərək praktiki sınaqlardan çıxarmaq şansını da qazanıblar. Sərgidə həmçinin müstəqil avtoservislər, tuninq atelyeləri, müxtəlif avtoklublar da iştirak edərək müxtəlif ekspozisiyalar nümayiş etdiriblər.

“Qafqaz Motor - Şou - 2016” çərçivəsində ilk dəfə olaraq yerli avtomobil istehsalçısı “NAZ-Lifan” kompaniyasının iki yeni modellə iştirakı da baş tutub.

Sərginin bağlanış günü isə AADA-nın “Qızıl çarx” mükafatının təqdimat mərasimi keçirilib.

İlin şəhər avtomobili kimi “Fiat - 500”, “C-class Sedan - Hyundai Elantra”, “Biznes-Sedan - Kia Optima”, yolsuzluq avtomobili “Jeep Wrangler Rubicon”, idman SUV-si “Porsche Macan”, Premium SUV - “Bentley Bentayga”, ilin debütü “NAZ-Lifan” qalib elan olunub.

Xüsusi nominasiyalarda ilin müstəqil avtoservisi “Pit-Stop”,“Retro-Klub” kimi “Azad-Retro” klubu qalib olublar.

Daha iki nominasiyada mükafatlar - “İlin avtoradiosu” – AvtoFM - 107.7 FM və cari ildə ölkəmizdə baş tutmuş “Formula-1” yarışlarının populyarlaşmasında xidmətlərinə görə “İlin avtomobil jurnalisti” Rəhim Əliyevə təqdim olunub.

Eləcə də “Qafqaz Motor - Şou - 2016” çərçivəsində kartinq yarışmaları baş tutub. Yarışda avtodiler təmsilçiləri deyil, KİV-in nümayəndəsi qalib gəlib. Belə ki, əsas priz Oxu.Az və Avto FM - 107.7 FM radiosunun təmsilçisi Cavanşir Hüseynova təqdim olunub.

Layihənin keçirilməsində əsas məqsəd - ölkədə sivil avtomobil sektorunun inkişafına töhfə vermək, ən müasir avtomobilləri nümayiş etdirmək, gənclər arasında texniki idman növlərinə marağı artırmaq, regionda avtoturizmin və turizmin inkişafına xidmət və əhalinin maraqlı istirahətinin təşkilidir.

“Qafqaz Motor - Şou - 2016” sərgisinin baş partnyoru “Castrol”, rəsmi tərəfdaşı isə “Qafqaz” otellər şəbəkəsi olub.

Aytən Sadıqzadə

0
32