Azərbaycanlı müğənni 16 il sonra səhnəyə qayıdır - FOTOLAR

Azərbaycanlı müğənni 16 il sonra səhnəyə qayıdır - FOTOLAR

Mərhum sənətkar, kamança ifaçısı Habil Əliyevin oğlu Rəvan Habiloğlu uzun fasilədən sonra yenidən səhnəyə qayıdır.

Bu barədə lent.az-a açıqlama verən sənətçi, hazırda yeni klip çəkdirdiyini deyib. Klipin çəkildiyi “Aç qapını” adlı mahnının sözləri və musiqisi Rəvan Habiloğlunun özünə məxsusdur. Çəkilişləri ev şəraitində və Bakıda yerləşən adaların birində baş tutan klipin rejissoru Elnar Şixməmmədovdur. Ekran işində “Vicdan haqqı” serialından hər kəsə tanış olan əməkdar artist Elxan Yunis və model Milana çəkilib.

R.Habiloğlu hesab edir ki, uzun illərdən sonra məhz bu mahnı ilə izləyicilər qarşısına çıxma qərarını özü verib, çünki bu onun şedevr əsərlərindən biridir: “Çox sevdiyim əsərdir. Hesab edirəm ki, bu mahnı və klip insanlarımız tərəfindən çox seviləcək. Çünki gördüyüm hər işə mən ürəyimi qoyuram. Və ürəyimi hər kəs hiss edəcək”.

Bildirək ki, klipin mövzusu nakam sevgidir. İki sevən ürəyin qovuşa bilməməsinə səbəb ölümcül xəstəlikdir. Hazırda üzərində montaj işləri gedən ekran işinin çəkilişləri, üç gün davam edib.

R.Habiloğlu uzun illər fasilə verməyinin səbəblərini də açıqlayıb: “Bu qədər vaxt gözlədim və kənardan baxdım. Azərbaycan şou-biznesində baş verənlər, sənət adamlarının bir-birinə münasibəti məni heç zaman qane etməyib və narahat edib. Şəxsən mən özümü heç zaman şou-biznesə aid etməmişəm. Sənətdən ayrıdlığım müddətdə mənə qarşı basqı var idi. Bu basqının kökünün nədən ibarət olduğunu heç zaman anlamadım. Və həmin müddətdə artıq sənətdən getməli olduğumu dərk etdim. Getdim də... Amma heç bir zaman mən başqa cür addım atmadım və qalmaqallara baş qoşmadım, uzaq oldum. Birinci faktor ondan ibarət idi ki, fərqli düşüncə sahibiyəm. İkincisi isə sözsüz mənim Habil Əliyev kimi sənətkarın oğlu olmasıdır. Qalmaqallara baş qoşub kiməsə cavab vermək, səviyyəsiz şəkildə özünü insanların gözündə alçaltmaqdansa getmək ən yaxşısı idi deyə düşünürəm. Uzun illərdən sonra qayıdıram və bu illər məni, düşüncəmi çox dəyişib. Həyat, təcrübə, yaş öz sözünü deyir. Amma illər şou-biznesdəki vəziyyəti heç dəyişmədi. Mən individual şəkildə sənətimlə məşğul olacağam və bir daha sənətdən ayrılmaq şərti ilə qayıtmışam”.

Onu da bildirək ki, “Aç qapını” klipinin təqdimat mərasiminin keçirilməsi və avqustun sonunda etibarən yerli kanallarda nümayişi nəzərdə tutulur.

0
17