Tanınmışların uşaq ikən böyüklər tərəfindən aldıqları cəzalar – FOTO

Tanınmışların uşaq ikən böyüklər tərəfindən aldıqları cəzalar – FOTO

Ekran önündə olan insanların səhnə fəaliyyəti, yaradıcılğı, tanınmazdan əvvəlki həyat tərzi, uşaqlıq və gənclik illəri, hətta şəxsi həyatı sevənləri tərəfindən həmişə maraqla qarşılanır.

Görəsən, uşaq ikən böyüklər tərəfindən onlara verilən ən unudulmaz cəza hansı olub?

Oxu.Az-ın əməkdaşı tanınmışlara bu sual ilə müraciət edib və bir-birindən fərqli cavablar alıb.

107.7 FM – Avto FM-in aparıcısı Günel Hümbətova:

“Mən və bacılarım uşaqlıq illərində sözəbaxan olmuşuq, ona görə də anam bizi anlayışla qarşılayaraq ciddi şəkildə cəzalandırmayıb. Amma xatırlayıram ki, məni bir-iki dəfə küncə qoyub”.

Müğənni Nurkan:

“Məktəb illərində dərslərimdən orta qiymət alanda cəzalandırılmışam. Məndən həmişə yüksək qiymət almağmı tələb edirdilər”.

Prodüser Mədinə Məlik:

“Uşaq olanda etdiyim nadincliklərə görə mənə həyətdə oynamağa, rəfiqələrimlə görüşməyə icazə vermirdilər. Bu da mənim üçün ən böyük cəza idi. Düşünürəm ki, indiki uşaqları, gəncləri sosial şəbəkə, kompüter, mobil telefondan uzaq tutmaqla cəzalandırmaq olar. Çünki mən oğluma bu cür cəza tətbiq edirəm”.

İTV-nin aparıcısı Azər Süleymanlı:

“Böyüklərin məni əzizləmək üçün yanaqlarımı barmaqla tutub çəkişdirməsi “unudulmaz cəzam” olub deyə bilərəm. Bunun necə ağrı verməsi və məni əsəbiləşdirməsi, qıcıqlandırması hələ də yadımdadır (gülür)”.

Məşqçi Kamil Zeynallı:

“Hər dəfə nadinclik edəndə anam məni möhkəm döyürdü, ona görə də heç vaxt yadımdan çıxmır. Amma yaxşı ki döyüb, yoxsa məndən çətin adam olardı (gülür)”.

Xəzər Televiziyasının aparıcısı Anar Cəfərov:

“İnanın ki, yadıma sala bilmirəm. Ya belə hallar həddindən artıq çox olub, ya da uşaq ikən o qədər az cəzalandırılmışam ki, xatırlamıram”.

“Turkvision - 2013” mahnı müsabiqəsinin qalibi Fərid Həsənov:

“Uşaqlıqdan futbolu çox sevirəm. Bir dəfə çempionat keçiriləndə mən də ora baş vurmuşdum. Dəqiq xatırlamıram nə etmişdim, amma hansısa dəcəlliyimə görə mənə ora getməyə icazə verməmişdilər”.

Aytən Sadıqzadə

0
31