Bakıda intihar edən gənc qızın - SON MƏKTUBU + VİDEO

Bakıda intihar edən gənc qızın - SON MƏKTUBU + VİDEO

"Mən Anarı sevmirəm".

20-21 yaş az qala hamının xəyyalar qurduğu, özünə hədəflər seçdiyi, nələrisə arzuladığı yaşdı. Universiteti bitirib işləmək, təhsili davam etdirmək, hətta lap bekar gəzmək istədiyi yaşdı. Bu gün 20-21 yaşda olduğu deyilən bir qız isə özünü 9 mərtəbəli binanın damından ataraq intihar edib. Çoxları intiharı qınasa da, buna zəiflik kimi baxsa da əslində həyatına son vermək və bunu reallaşdırmaq o qədər də asan deyil.

Bəs 20-21 yaşlı insanı nə, hansı dərd, hansı çarəsizlik vadar edir ki, həyatdan doysun, yaşamaq istəməsin? Bu yaşa qədər nə yaşamalıdı ki, dünya onun üçün bütün marağını itirsin?

Oxu.Az xəbər verir ki, virtualaz.org-un müxbiri bu suallara cavab almaq üçün həmin binaya yollanıb.

Binanın yanına toplaşmış qonşular da elə öz aralarında bu suallara cavab axtarır, müxtəlif fərziyyələr irəli sürürdülər. Onlarla söhbətimizdə öyrəndik ki, intihar edən xanım - adının Esmira Məmmədova olduğu deyilir - bu binada yaşamır. Başqa binadan gəlib, asanlıqla dama çıxıb və özünü öldürüb.

Bəs binanın damına çıxan qapı niyə açıqdır? Bunu heç bina sakinləri də bilmir. Gülşən xanım deyir ki, onlar öz yaşadıqları blokdan dama açılan qapını qıfıllayıblar. Oradakı qapının niyə açıq qaldığı, qızın ora necə çıxdığı isə müəmmalıdır:

"Biz o qızı tanımırıq, burada yaşasaydı bilərdik ki, dərdi nədir. Damın qapıları da adətən bağlı olur, bu necə açıq qalıb, bilmirik".

Qonşulardan biri soyuqqanlıqla hadisəni əvvəldən ətraflı danışdı. Namiq bəy deyir ki, hadisə çox qısa müddət ərzində baş verdi. Hətta binada yaşayan oğlanlardan dama çıxıb onu saxlamaq istəyən də olub, amma çatdıra bilməyib:

"Yerdə dayananlar da deyirdi ki, eləmə, atma özünü. 9-cu mərtəbədə yaşayan bir-iki xanım da pəncərədən ona səslənib və fikrindən daşındırmağa çalışdı. Bir neçə oğlan da istədi dama çıxıb mane olsun, çatdırmadılar. Qız özü də bir-iki dəfə geri getdi, sanki bir neçə saniyəlik fikrindən daşındı. Sonra qəfildən qollarını açıb özünü aşağı atdı".

Elə bu yerdə digər qonşu, Mehriban xanım Esmiranın yerə düşəndə gələndə tuppultu səsindən danışdı:

"Kaş mən orada olardım, qollarım sınsa da yerdə dayanıb onu tutardım, qoymazdım ölsün. O uşaq idi".

Heç kimim tanımadığı, ölüm səbəbini bilmədiyi bu qız haqqında hadisə şahidləri söhbət zamanı bəzən o qədər laqeydcəsinə danışırdı ki, bir anlıq intihar edənin insan olduğuna belə şübhə etdik.

"Mən videoya çəkirdim, əvvəlcə geri getdi, dedim ki, daha intihar eləməz, kameranı söndürdüm. Sonra qəfildən atıldı. Özünü atandan sonra da əvvəlcə ağaca dəydi, sonra düşdü yerə. O dəqiqə də canını tapşırdı", - deyə qonşuıardan biri hadisəni nəql edir. Digəri isə əlavə edir ki, kaş ölməzdi, şikəst qalıb cəzasını çəkərdi:

"Kaş ölməzdi bir orqanı qırılardı, bilərdi ki, intihar nədit. Allah cəza verərdi ki, səni mən yaratmışam, niyə özünə qəsd edirsən?! Valideynlərini itirəndə özlərini öldürmürlər, amma gic-gic şeylərə görə özlərini öldürürlər".

Hadisə şahidləri deyirlər ki, çantasını damda qoyaraq özünü atan Esmiranın əlində məktub da olub. Onların sözlərinə görə, anasına xitabən yazdığı məktubun məzmunu təxminən belədir:

"Hüseynlə olan söhbətini bilirəm. Mən Anarı sevmirəm".

Hadisənin üstündən bir neçə saat keçməyinə baxmayaraq, intihar baş verən binanın, elə qonşu binanın da sakinləri olayla bağlı müzakirələrə, gördüklərini təkrar danışmağa davam edirdilər. Ən qəribəsi isə onların kifayət qədər soyuqqanlıqla yerə sərilmiş cəsədin fotosuna, intihar anının videosuna baxmaq həvəsi idi.

Bunu çox böyük maraqla bir-birilərinin telefonuna köçürür, təkrar-təkrar baxıb dəhşətə gəlirdilər. Məktubun məzmununa uyğun fərziyyələr irəli sürüb onun kiminləsə nikaha məcbur edilməsi ehtimalını müzakirə edirdilər. Yeganə həqiqət isə o idi ki, binada həmin qızdan ancaq qan qalmışdı, onu da torpağa qarışdırıb gözdən itirmişdilər.

Kim idi? Niyə intihar etdi? Günahkar özü oldu, yoxsa başqaları? Heç nə məlum deyil...

0
116