“Deloitte”: Vergidən yayınma ilə bağlı məbləğ artırılsın

“Deloitte”: Vergidən yayınma ilə bağlı məbləğ artırılsın

Yoxlamaların birləşdirilməsi təklif olunur.

Nə qədər çox şəffaflıq olarsa, dövlət büdcəsinə bir o qədər çox vergi daxil olar. Eyni zamanda, vergi sistemi daha çox təkmilləşdirilməlidir ki, vergi ödəyicisi olan investorlar cəlb edilsin.

İnanırıq ki, vaxtında vergilərini ödəyən şirkətlər və digər vergi ödəyiciləri hökumət tərəfindən daha az yoxlamalara məruz qalmalıdırlar.

Oxu.Az Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, bu barədə Azərbaycan prezidenti İlham Əliyev və Azərbaycandakı Amerika Ticarət Palatasının (“AmCham Azerbaijan") nümayəndə heyəti arasında baş tutan görüş zamanı “Deloitte and Touche" MMC-nin Azərbaycan ofisinin nümayəndəsi Nuran Kərimov deyib.

“Aydındır ki, burada vergilərin yığılması və biznesin inkişafının dəstəklənməsi arasında bir balans tapılmalıdır. Vergi ölkənin iqtisadi rəqabətliliyinin artırılmasında və investorların cəlb edilməsində çox güclü alətdir.

Həmkarlarımın da qeyd etdiyi kimi, Azərbaycanın coğrafi mövqeyi sayəsində ölkə regional mərkəz kimi çıxış edə və investorlar üçün əlverişli vergi rejimi çox faydalı ola bilər".

N.Kərimiv hazırda Vergilər Nazirliyi tərəfindən və sosial müdafiə ilə bağlı aparılan yoxlamaların birləşdirilməsini təklif edib:

“Qeyd olunduğu kimi, dövlət qurumları tərəfindən həyata keçirilən auditləri dayandırmaq qərarınız sahibkarlarda etimadı artırıb.

Bununla bağlı növbəti addım olaraq hazırda Vergilər Nazirliyi tərəfindən və sosial müdafiə ilə bağlı aparılan yoxlamaların birləşdirilməsini təklif edirik. Şirkət vergilərini və sosial təminat ödənişlərini tam ödəyirmi? Daha az yoxlama bizneslər üçün daha az maneə deməkdir".

O, həmçinin vergidən yayınma ilə bağlı məbləğin artırılması təklifi ilə çıxış edib:

“Sizin göstərişləriniz nağdsız ödənişlərin artırılmasına, iqtisadiyyatda nağd dövriyyənin azaldılmasına yönəlib. Son 4-5 ildir bunu izləyirəm. Üzvlərimiz adından demək istəyirəm ki, biz bu təşəbbüsü dəstəkləyirik.

İnanırıq ki, nə qədər nağd ödəniş az olsa, vergidən yayınma və digər qanun pozuntuları da bir o qədər azalmış olar. Azərbaycan hökuməti ikiqat vergiqoyma hallarından yayınma istiqamətində çox iş görüb. İndi əhəmiyyətli olan bu razılaşmaların yerli və xarici investorlara təmin etdiyi faydadır.

İcazə verin, bütün üzvlər tərəfindən bəhs olunan mühüm bir məqamı qeyd edim. Cinayət Məcəlləsinin hazırkı oxunuşunda vergidən yayınma halı kimi xarakterizə olunan fəaliyyətdə 2 min manat məbləği əsas rol oynayır və bunun üçün cinayət məsuliyyəti yaranır.

Biz vergidən yayınma və digər qanunsuzluqlarla mübarizəni tam dəstəkləyərək təklif edirik ki, bu məbləğ artırılsın. Çünki bir çox hallarda vergidən yayınma niyyəti olmasa da, şəxsi mülahizəyə görə bu məbləği aşan sahibkar vergidən yayınan kimi cinayət məsuliyyətinə cəlb oluna bilər".

0
18