Prezident: Gələcəkdə SOCAR özəlləşdirilə bilər

Prezident: Gələcəkdə SOCAR özəlləşdirilə bilər

“Hazırda korporativ idarəetmə çox vacib məsələdir”.

Dövlətə məxsus müəssisələrdə korporativ idarəetmə özəl şirkətlərdəki kimi olmalıdır.

Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycandakı Amerika Ticarət Palatasının nümayəndə heyəti ilə görüşdə bildirib.

Prezident qeyd edib ki, bununla bağlı artıq belə müəssisələrin rəhbərlərinə göstərişlər verib və bəzilərində artıq transformasiya prosesi başlayıb.

“SOCAR-da, Xəzər Dəniz Gəmiçiliyi şirkətində müsbət dəyişikliklər var və ümid edirəm ki, digər şirkətlər də bu istiqamətdə işləyəcək. Onlar ilə özəl şirkətlər arasında yeganə fərq sadəcə səhmlərinin dövlətə məxsusluğu olacaqdır”, - deyə İ.Əliyev vurğulayıb.

Onun sözlərinə görə, bu, başadüşüləndir, çünki həmin müəssisələr strateji əhəmiyyətlidir.

“Bəlkə vaxt gələcək ki, onların səhmləri satışa çıxarılacaq və mən bunu ehtimal edirəm. Ancaq keçmişi və deyərdim, təfəkkürü nəzərə alsaq, onlar hazırda dövlətə məxsus olaraq qalmalıdır. Hansısa bir kənddə qaz olmayanda insanlar dövlət müəssisəsinin qapısını döyürlər.

Yəni, vaxt gələcək və həmin şirkətlərin bir hissəsi satışa çıxarılacaq, ancaq hazırda korporativ idarəetmə çox vacib məsələdir. Eyni zamanda, hesab edirəm ki, sistemin daha səmərəli olması ilə bağlı sizin tərəfinizdən də müəyyən istiqamət təqdim edilməlidir. O zaman onlar daha səmərəli, şəffaf və açıq fəaliyyət göstərəcək, maliyyələşdirmə, yaxud digər formada daha fəal işləyəcəklər.

Şəffaflıq məsələsinə gəldikdə, mən dəfələrlə bununla bağlı fikirlərimi bildirmişəm. Bu, hər bir ölkə və şirkət üçün vacibdir. Biz bu sahədə işləri davam etdirəcəyik”, - deyə dövlət başçısı bəyan edib.

0
18