Qeyri-neft sektorundan büdcəyə daxilolmalar 10 faiz artıb

Qeyri-neft sektorundan büdcəyə daxilolmalar 10 faiz artıb

“2015-ci il ərzində dövlət büdcəsinə vergi daxilolmalarının ümumi məbləği 7118,2 milyon manat, o cümlədən neft sektorundan daxilolma 2089,9 milyon manat (29,4%), qeyri-neft sektorundan daxilolma 5028,3 milyon manat (70,6%) təşkil edib”.

Lent.az-ın məlumatına görə, bunu vergilər naziri Fazil Məmmədov bu gün keçirilmiş kollegiya iclasında deyib.

F.Məmmədovun sözlərinə görə, 2016-cı ilin ilk yarımilliyi ərzində bu göstəricilər müvafiq olaraq 3190,1 milyon manat, o cümlədən qeyri-neft sektoru üzrə 2495,4 milyon manat (78,2%) təşkil edib ki, bu da ötən ilin müvafiq hesabat dövrü ilə müqayisədə qeyri-neft sektorundan daxilolmaların 9,7% artdığını göstərir.

Vergilər naziri dövlət başçısının imzaladığı “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında” 4 avqust 2016-cı il tarixli, 2257 nömrəli Sərəncamına toxunaraq bildirib ki, həmin sərəncam cari ildə vergi inzibatçılığı sahəsində əhəmiyyətli tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Bu tədbirlərə və vergitutma bazasının genişləndirilməsi, vergi yoxlamalarının təyin edilməsi, keçirilməsi və nəticələrinin rəsmiləşdirilməsi prosesi üzrə vergi inzibatçılığının təkmilləşdirilməsi, nümunəvi vergi ödəyicilərinin müəyyən edilməsi, vergi yoxlamalarının qanunla müəyyən edilmiş tələblərə əməl olunmaqla qısa müddətdə başa çatdırılması, elektron auditin tətbiqi dairəsinin genişləndirilməsi, vergi ödəyicilərinə göstərilən xidmətlərin keyfiyyətinin artırılması, risk qiymətləndirilməsi sisteminin yaradılması, vergi bəyannamələrinin formalarının təkmilləşdirilməsi istiqamətində vergi islahatlarının davam etdirilməsi və s. aiddir.

İclasın sonunda sərəncamla nəzərdə tutulmuş tapşırıqların icrası ilə bağlı “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri və vergi inzibatçılığının təkmilləşdirilməsi barədə Tədbirlər Planı” qəbul edilib.

0
24