Neftçalada avtomobil zavodunun təməli atılıb

Neftçalada avtomobil zavodunun təməli atılıb

Neftçala Sənaye Məhəlləsində Azərbaycanın “Azevrocar” MMC şirkətinin İranın “İran Khodro” şirkəti ilə birgə həyata keçirdiyi layihə çərçivəsində avtomobil istehsalı zavodunun təməli qoyulub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, tədbirdə iqtisadiyyat naziri Şahin Mustafayev və ölkəmizdə səfərdə olan İran İslam Respublikasının sənaye, mədən və ticarət naziri Məhəmmədrza Nemətzadənin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

Nazirə və qonaqlara məlumat verilib ki, illik istehsal gücü 10 min ədəd avtomobil olacaq zavodda 300 yeni iş yerinin yaradılması nəzərdə tutulur. Qeyd edək ki, dəyəri 15 milyon  dollar olan layihə üzrə müvafiq anlaşma memorandumları bu ilin aprelində imzalanıb. İran tərəfi ilə aparılmış müzakirələr nəticəsində bu vəsaitin 25 faizinin İran şirkəti tərəfindən veriləcəyi barədə razılıq əldə edilib. İnvestisiyanın 75 faizi isə Azərbaycan şirkəti tərəfindən yatırılacaq. Zavod 2018-ci ilə qədər istifadəyə veriləcək. Onu da əlavə edək ki, iyunda avtomobil zavoduna Neftçala Sənaye Məhəlləsinin iştirakçısı statusunu təsdiq edən şəhadətnamə verilib.

Sonra nazirlər zavodda istehsal edilməsi nəzərdə tutulan bəzi avtomobillər, eləcə də Neftçala Sənaye Məhəlləsində sahibkarlar üçün yaradılmış şəraitlə tanış olublar. Tədbirdə çıxış edən Ş. Mustafayev Azərbaycan və İran arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu, əməkdaşlığın bütün sahələrdə inkişaf etdiyini, əlaqələrimizin genişlənməsinin Azərbaycan və İran prezidentlərinin siyasi iradəsinin göstəricisi olduğunu vurğulayıb.

Bildirilib ki, dövlət başçılarının qarşılıqlı səfərləri, keçirilən görüşlər və imzalanmış sənədlər ölkələrimiz arasında əlaqələrin inkişafına böyük stimul verir. Qeyd olunub ki, avqustun 8-də İran prezidenti Həsən Ruhaninin Azərbaycana səfəri ölkələrimiz arasında əlaqələrin daha da genişlənməsinə öz töhfəsini verəcək.

Nazir bildirib ki, iqtisadi əməkdaşlıq Azərbaycan-İran əlaqələrinin mühüm istiqamətlərindən biridir. “Azərbaycanda 450 İran sərmayəli şirkət fəaliyyət göstərir. İran tərəfindən Azərbaycan iqtisadiyyatına 2,5 mlrd. dollar investisiya yatırılıb. İran Azərbaycanın mühüm ticarət tərəfdaşlarındandır və təkcə 2016-cı ilin yanvar-iyun aylarında ticarət dövriyyəsinin həcmi 66 faiz artıb. Azərbaycan və İran arasında iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən nəqliyyat, sənaye, səhiyyə, turizm, energetika, maliyyə və bank sahələrdə mühüm addımlar atılıb”.

Nazir Ş. Mustafayev qeyd edib ki, Neftçalada təməli qoyulmuş avtomobil zavodu 10 hektar ərazidə tikiləcək.

M. Nemətzadə isə dost və qonşu ölkələr olan İranla Azərbaycan arasındakı əlaqələrin dövlət başçılarının fəaliyyəti nəticəsində son zamanlar daha da inkişaf etdiyini vurğulayıb. O qeyd edib ki, iqtisadi sahədə əlaqələrin genişləndirilməsi üçün böyük potensial var və bu imkanlardan səmərəli istifadə olunmalıdır. “Bu gün təməli qoyulan avtomobil istehsalı zavodu bunu bir daha təsdiq edir”, - deyə o vurğulayıb.

İqtisadiyyatın müxtəlif sahələrində əlaqələrin inkişaf etdirilməsinin vacibliyini önə çəkən iranlı nazir səhiyyə, əczaçılıq və digər sahələrdə əlaqələrin inkişaf etdiyini qeyd edib, Neftçala Sənaye Məhəlləsində sahibkarlar üçün yaradılmış əlverişli imkanlardan məmnunluğunu ifadə edib və İran şirkətlərini bu potensialdan yararlanmağa çağırıb.

Sonra Neftçala Sənaye Məhəlləsində avtomobil istehsalı zavodunun tikintisinə dair Azərbaycanın “Azevrocar” MMC və İranın “İran Khodro” şirkətləri arasında 6 müqavilə imzalanıb. Sənədləri “Azevrocar” MMC şirkətinin rəhbəri Emin Axundov və “İran Khodro” şirkətinin baş direktoru Haşim Yekke Zare imzalayıblar. Müqavilələr distribyutor, lisenziya, avadanlıqların satışı, quraşdırılması və istismara verilməsi, yarımfabrikatların təchizatı, mühəndislik xidmətləri, tədris, mühəndis və texniki dəstək sahələrini əhatə edir.

0
14