Elmar Məmmədyarov Qulam İshaqzaini ilə danışıqlarda – FOTO

Elmar Məmmədyarov Qulam İshaqzaini ilə danışıqlarda – FOTO

Azərbaycan Xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin Azərbaycan Respublikasındakı Rezident Əlaqələndiricisi Qulam İshaqzaini BMT-nin Əhali Fondunun (UNFPA) yeni Rezident Nümayəndəsi statusunda qəbul edib.

Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən Oxu.Az-a verilən xəbərə görə, E.Məmmədyarov Qulam İshaqzaini BMT-nin Əhali Fondunun Azərbaycanda Rezident Nümayəndəsi təyin olunması münasibətilə təbrik edib və ona bu statusda gələcək fəaliyyətində uğurlar arzulayıb.

Qulam İshaqzai təyinat məktubunu nazir Elmar Məmmədyarova təqdim edib.

E.Məmmədyarov Azərbaycanın müstəqilliyinin ilk illərindən BMT-nin Əhali Fondunun ölkəmizə göstərdiyi dəstək və yardımı təqdir edərək, BMT Əhali Fondunun Azərbaycan hökumətinin vacib humanitar tərəfdaşlarından biri olduğunu bildirib.

Həmçinin, BMT-nin Əhali Fondunun icraçı direktoru Babatunde Osotimehin keçən il Azərbaycana səfərinin təşkilatla əlaqələrin inkişafına təkan verdiyi və səfər zamanı ADA Universiteti ilə BMT-nin Əhali Fondu arasında imzalanmış Anlaşma Memorandumunun ikitərəfli əməkdaşlıq çərçivəsinə təhsil və informasiya və kommunikasiya texnologiyaları kimi yeni ölçülər əlavə etdiyi qeyd olunub.

Qulam İshaqzai BMT-nin müəyyən etdiyi davamlı inkişaf məqsədlərinin milli hədəf proqramına daxil edilməsi, ölkəmizin inkişaf sahəsində əldə etdiyi təsirli nəticələri, o cümlədən sürətli və davamlı inkişafın təmin olunması, yoxsulluğun aradan qaldırılması, gender bərabərliyinin təmin edilməsini vurğulayıb.

E.Məmmədyarov məcburi köçkünlər məsələsinə və bu sahədə Azərbaycan hökuməti tərəfindən görülən tədbirlərə toxunaraq, BMT-nin Əhali Fondunun fəaliyyətində onların problemlərinə xüsusi diqqətin ayrılmasının vacibliyini ifadə edib.

Görüşdə BMT-nin Rezident Əlaqələndirici Ofisinin fəaliyyətinə aid olan digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

0
18