“Qarabağ” bu cütlükdə favoritdi” – “Höteborq”un baş məşqçisi

“Qarabağ” bu cütlükdə favoritdi” – “Höteborq”un baş məşqçisi

“Etiraf edim ki, biz bu cütlükdə autsayderik. Ancaq düşünürəm ki, növbəti mərhələ üçün yaxşı şansımız var. Arzumuza çatmaq üçün də 2 gözəl oyun göstərməliyik”. Apasport.az saytının məlumatına görə, bunu “Höteborq”un baş məşqçisi Yorgen Lennartsson deyib.

Azərbaycan çempionu “Qarabağ” Avropa Liqasının pley-off mərhələsində İsveç klubu “Höteborq”la qarşılaşacaq.

Skandinaviya təmsilçisinin çalışdırıcısı Lennartsson yerli mətbuata açıqlamasında şanslarını dəyərləndirib. 51 yaşlı çalışdırıcı “Qarabağ” barədə hələ ətraflı məlumata malik olmadıqlarını bildirib: “Yerli mətbuat artıq bəxtimizin gətirdiyini düşünür. “Şaxtyor” və “Sassuolo” ilə müqayisədə Azərbaycan səfərinin daha asan olacağını iddia edirlər. Ancaq beynəlxalq arenada zəif komanda olmur. Rəqibin oyununu görmədən onun barəsində nəsə fikir bildirmək doğru olmaz. “Qarabağ” Çexiya çempionu “Viktoriya”ya qarşı yüksək səviyyədə oyunlar keçirib və yalnız evdə buraxılan qol üzündən Çempionlar Liqasından kənarda qalıb”.

“Qarabağ”ı favorit sayan Lennartsson öz şanslarının da az olmadığını düşünür: “Azərbaycan təmsilçisi Çempionlar Liqasından gəlib. Pley-off mərhələsində isə güclülərin səbətində yer alıb. Deməli, onlar bu cütlükdə favoritdilər. Amma bu o demək deyil ki, rəqiblə “döyüşməyəcəyik”. Qarşıda bizi iki maraqlı oyun gözləyir”.

Qeyd edək ki, “Qarabağ”la “Höteborq” arasında oyunlar avqustun 18-25-də keçiriləcək.

0
19