“Lokomotiv”in məşqçisi: "Qum boşaldıram, maşın yuyuram"

“Lokomotiv”in məşqçisi: "Qum boşaldıram, maşın yuyuram"

“Ötən ildən maaşlarımız verilmir. Hazırda bizi axtaran, bizimlə maraqlanan yoxdu”. Bunu apasport.az saytına açıqlamasında “Lokomotiv”in məşqçisi Xanlar Ələkbərov deyib.

Əcnəbi voleybolçular və məşqçilərin ardınca ötən mövsümdən 800 min dollardan çox borcu qalan “dəmiryolçular”dan yerli işçilər də şikayət etməyə hazırlaşır. Ələkbərovun sözlərinə görə, bu gün mövcud olmayan “Lokomotiv”dən hər saat yeni xəbər gözləsələr də, müsbət nəsə eşitmirlər.

Ələkbərov bildirib ki, klub yaranandan birgə işlədiyi rəhbərlik onu aldadır: “Məktub yazıram, ciddi cavab yoxdu. Yalnız “sizə xəbər veriləcək”, deyirlər. Ya da deyirlər ki, komanda “Azərbaycan Dəmiryolları” Qapalı Səhmdar Cəmiyyətinə aiddi. Pulunuzu da onlar verməlidi. Bu cəmiyyətin də fikrini bilmirik. Bir sözlə, doğru yol göstərənimiz yoxdu”.

Ələkbərov son mövsümdə cəmi 3 ayın maaşını aldığını deyib. Onun sözlərinə görə, “Lokomotiv”in tək ona 7 min manatdan çox borcu var: “Yay aylarını nəzərə almasaq, 7 ay qalır. Halbuki, əvvəl onu da verirlər. Çünki aşağı yaş qruplarını da məşq etdirirdim. İndi isə məcburiyyətdən harada gəldi işləyirəm. Mağazada satıcı kimi çalışdım. Ardınca un, qum da boşaltmışam, “moyka”da maşın da yumuşam. İşləməkdən utanmıram. Hər yerdə iş axtarıram, ailəm var. Bu, əsasən də banklara kreditlərimin olmasında irəli gəlir. Evim də kreditdədi, ayda 650 manat ödəyirəm. Bunu ödəyə bilmədiyimdən bankdan pul da götürmüşəm. Hamısını maaşımı alacağıma arxayın olub, etmişəm. Artıq borclu olmadığım adam yoxdu. Amma bunların hamısı işlədiyim vaxt yaranıb. Ondan sonraya borca girməmişəm”.

Hələlik digər klublara iş üçün müraciət etmədiyini deyən mütəxəssis bundan pis günə qalacağını da ağlına gətirmir: “İş yoldaşlarıma da müraciət etmişəm ki, şikayəti birgə edək. Dərdimizi hamıya deyək. Çünki bundan da pis vəziyyətimiz olmayacaq. Hər yerə borcum var. Utandığımdan evdə də çox görünmürəm. Ailəli adam üçün bu çox böyük dərddi”.

Qeyd edək ki, “Lokomotiv” son mövsümü bürünc medalla başa vursa da, bütün heyətə borclu qalıb. Yerli işçilərdən fərqli, əcnəbilərin hamısı komandadan FİVB-ə şikayət ünvanlayıb. “Dəmiryolçular”ın “yaşaması” isə inandırıcı deyil.

0
43