Fuad Aslanov: “Azərbaycan Olimpiadada rekord ənənəsinə sadiq qalacaq”

Fuad Aslanov: “Azərbaycan Olimpiadada rekord ənənəsinə sadiq qalacaq” “Bu gün Rio Olimpiadasının açılış mərasimidir. Mən də bir idmançı, olimpiyaçı kimi bu anları yaşamışam”. Bu fikirləri APA TV-nin “APAsport” layihəsinin qonağı, beynəlxalq dərəcəli hakim, "Afina-2004"ün bürünc medalçısı Fuad Aslanov deyib.   Bu gün Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına start veriləcək. 17 gün davam edəcək yarışda 206 ölkənin təxminən 10 min 500 idmançısı 306 dəst medal uğrunda yarışacaq. Olimpiadadan-olimpiadaya rekord vuran Azərbaycan yığması isə Oyunlarda 18 idman növündə 56 idmançı ilə təmsil olunacaq.   Millimizin şansları və medal gözləntiləri barədə danışan əməkdar idman ustası bildirib ki, Olimpiadadan Olimpiadaya rekord vuran Azərbaycan yığması bu dəfə də ənənəsinə sadiq qalacaq: “Müstəqil ölkə kimi "Atlanta-1996"da 1 medal qazanmışdıqsa, "London-2012"dən 10 mükafatla qayıtmışıq. Rio Olimpiadası öncəsi də Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, həmçinin hər bir federasiya gücünü səfərbər edib, yarışa yüksək səviyyədə hazırlaşmışıq. Boks növündə də bundan öncəki Olimpiya Oyunları ilə müqayisədə daha çox idmançı ilə təmsil olunacağıq. İndiyədək ən çox Afinada 9 boksçu ilə çıxış etmişdiksə, bu dəfə kişilərdən ibarət yığmamız tam heyətlə mübarizə aparacaq. 11-ci boksçumuz isə qadınların yarışında gücünü yoxlayacaq. Bu özü də bir rekorddur”.   Olimpiya mükafatçısının sözlərinə görə, "Afina-2004"də boks yığmamızın heyətində 1 dünya çempionu yer aldığı halda, hazırda bu say 4-dür: “Bu, komandamızın çox güclü olması deməkdir. Həmçinin heyətdə Avropa Oyunlarının, qitə çempionatlarının qalibləri də var. Şanslara gəlincə, Rioya 4 dünya çempionumuz yollanıb, onların hər birindən və digərlərindən də medal gözləyirik. Boks Federasiyasının rəhbərliyi, başda Kəmaləddin Heydərov, Süleyman Mikayılov olmaqla, bütün heyət yarış üçün gücünü səfərbər edib. Rioda istəyimiz qızıl medaldır. İndiyədək ancaq bürünc medal qazanmışıqsa, bu dəfə daha yüksək əyarlı mükafat əldə etmək istəyirik. Hər Olimpiadada güləş növündə qızıl medal qazanırıq. Özüm də daxil olmaqla, boksda bu günədək 3-cü yerlə kifayətlənmişik. Bu dəfə isə çempionluğa daha yaxınıq. Elvin Məmişzadə, Albert Səlimov, Cavid Çələbiyev, Məhəmmədrəsul Məcidov, Pərviz Bağırov, bir sözlə komandamız Olimpiadaya çox yaxşı hazırlaşıb. Hesab edirəm ki, Rioda qızıl medal əldə edəcəyik. Biz də, bütün bosksevərlər də bu ümidlə yaşayırıq”.   F. Aslanov yığmamızın Rioda bayraqdarı olacaq Teymur Məmmədovla bağlı da fikrini açıqlayıb. Əvvəlki bayraqdarlarımızın bəzilərinin yarışı medalsız başa vurmasını xatırladan əməkdar idman ustası bu məsuliyyətin Olimpiya mükafatçımızın çıxışına mənfi təsir edəcəyinə inanmır: “Düzdür, Fərid Mansurov bayraqdarımız olan zaman xəstələnməsi səbəbindən uğursuzluqla üzləşdi. Teymur təcrübəli bir idmançıdır, Olimpiada, dünya və Avropa çempionatının medalçısıdır, qitə oyunlarının qalibidir. Bu dəfə də ona böyük ümidlərimiz var”.   Beynəlxalq dərəcəli hakim Azərbaycan boks yığmasının dünyanın ən güclüləri sırasına daxil olduğunu da vurğulayıb. Onun sözlərinə görə, Olimpiadada təmsilçilərimizin əsas rəqibləri Kuba, Qazaxıstan və Rusiya idmançıları olacaq.     F. Aslanov Olimpiya komandamızın yeni tarix yazacağına da inam ifadə edib. O bildirib ki, Rioda Azərbaycan yığmasının heyətinin əsasını dünya və Avropa çempionları təşkil edir: “Güləşçilərimizə böyük ümid bağlayırıq. Onlardan qızıl medal gözləyirik. Taekvondoda da yeni dünya çempionumuz var. Bu idman növünün də uğurlu çıxışına inanırıq”.   O, çempionluğa iddialı idmançıların adlarını da açıqlayıb: “Elvin Məmişzadə, Toğrul Əsgərov, Rəsul Çunayev Azərbaycan himnini səsləndirə bilərlər. Rövşən Bayramov Olimpiya Oyunlarında 2 dəfə gümüş medal qazanıb. Bu dəfə qızıl medal əldə etməsini istərdim”.   F. Aslanov Toğrul Əsgərovun yeni rekord vura biləcəyini də vurğulayıb. Onun sözlərinə görə, indiyədək ikiqat Olimpiya çempionumuz olmayıb, Toğrul bunu bacarmaqla tarixə düşə bilər: “Onun güləşində o qədər ustalıq var ki, qalib olacağına inanıram. Toğrul qeyri-adi bir üslubda güləşir. Mən onun güləşində SSRİ güləş məktəbinin texnika və taktikalarını görürəm”.   Olimpiyaçımız okeanın o tayında saat fərqinin idmançılarımıza ciddi problem yaradacağına inanmır. Onun sözlərinə görə, komandamız bir neçə gün öncə Rioya yollandığından adaptasiya olunmaqda çətinlik çəkməyəcək: “Dövlətimiz inkişaf edib. Biz Oyunlar başlamamışdan bir neçə gün öncə yarışa gedirik. Bu da idmançılarımızı Olimpiada ah-havasına, həmin yerin saatına da uyğunlaşırlar. Bunu kim edə bilmirsə, nailiyyət qazanmaqda da çətinlik çəkəcək. Rejimə uyğunlaşacaq idmançımız isə daha yaxşı formada olacaq”.   Dopinq qalmaqalı səbəbindən Rusiyanın bəzi yığmalarının yarışdan kənarlaşdırılmasına münasibət bildirən veteran boksçu bunun idmançılarımıza medal qazanmaq baxımından təsirindən də danışıb. Azərbaycan yığmasında belə problemin yaranacağına inanmayan mütəxəssis əvvəl yoxlamaların belə olmadığını da açıqlayıb: “Bizim idman növümüzdə yarımfinala çıxdıqdan sonra dopinq-testdən keçirdik. Bu mərhələyədək bizdən hansısa nümunə götürülmürdü. İndi Beynəlxalq Olimpiya Komitəsinin qərarı var və biz də bununla ayaqlaşmalıyıq”.   F. Aslanov Rioda təşkilatçılığın zəif olması, oğurluğun baş alıb getməsi və açılış mərasiminə daha az pul ayrılmasının Oyunların imicinə xələl gətirəcəyinə inanmır: “Hər ölkənin öz bayramları olduğu kimi, dünyəvi bayramlar içərisində birinci yerdə Olimpiya Oyunlarıdır. Burada gəlib çıxış edən hər bir idmançı orada bayram əhval-ruhiyyəsində olur. Yəqin ki, burada hansısa çatışmazlıqlar olsarsa, Beynəlxalq Olimpiya Komitəsi gələcəkdə bunun qarşısını almağa çalışacaq”.   Rionun proqramına 112 ildən sonra qolf, 92 ildən sonra isə reqbi daxil edilib. "Tokio-2020"də isə daha 5 yeni növün olacağı dəqiqləşib. F. Aslanovun fikrincə, bu dəyişiklik Azərbaycan idmanına müsbət təsir edəcək və lisenziyalarımızın, medallarımızın sayının artmasına xidmət edəcək.

0
34