VIII Qəbələ Beynəlxalq Musiqi Festivalı davam edir

VIII Qəbələ Beynəlxalq Musiqi Festivalı davam edir

Heydər Əliyev Fondunun təşkil etdiyi VIII Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində yerli və tamaşaçılar dünya şöhrətli musiqiçilərin və bədii kollektivlərin konsertlərini izləməkdə davam edirlər. APA-nın yerli bürosunun xəbərinə görə avqustun 4-də Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzinin qarşısındakı açıq səhnədə Ukraynanın “Kiyev virtuozları” Kamera Orkestrinin növbəti konserti  təşkil olunub.

Musiqi sahəsində dünyanın 9 məşhur universitet və akademiyasının professoru, bir çox beynəlxalq müsabiqələrin qalibi, hər il xarici ölkələrdə 40-dan çox konsert verən israilli Gil Şohatın dirijorluğu ilə keçən konsertdə orkestri violində Nitai Yerusəlim Musiqi Mərkəzinin və Gənc İsrail Filarmonik Orkestrinin baş müəllimi Nitai Zori, pianoda Bakı Musiqi Akademiyasının beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektoru, professor Yeganə Axundova və beynəlxalq müsabiqələr laureatı Səidə Tağızadə, violonçeldə Azərbaycan Respublikasının əməkdar artisti Aleksey Miltıx müşaiyyət edib. Konsertdə Avropa bəstəkarları L.V.Bethoven, M.de Falya və F.Mendelsonun musiqi əsərləri səsləndirilib.

Həmçinin, bu gün Heydər Əliyev Konqres Mərkəzinin kamera zalında keçirilən konsertdə Azərbaycan Dövlət Filarmoniyasının direktoru, Xalq Artisti Murad Adıgözəlzadə və Almaniyanın Nürnberq Musiqi Akademiyasının müəllimi Nərgiz Səmədova pianoda bəstəkar K.Sen-Sans, C.Vilyams, Niyazi, F.Əmirov, İ.Frolov, F.Kreysler, . F.P.Tosti, E.de Kurtis, Ç.A.Biksio, A.Şilkloperin musiqi əsərlərini səsləndiriblər.

Pianoçu Murad Adıgözəlzadə və Nərgiz Səmədovanı violində Bakı Musiqi Akademiyasının Gənclər Kamera Orkestrinin konsertmeysteri Ümidə Abbasova, valtornada bir sıra beynəlxalq müsabiqələrin qalibi olan və festivallarda iştirak edən rusiyalı Arkadi Şilkloper müşaiyyət edib. Konsertin solisti Nurnberq Opera Teatrının solisti olub.

0
185