“Heydər Əliyev və milli xilaskarlıq missiyası” mövzusunda seminar keçirildi – FOTO

“Heydər Əliyev və milli xilaskarlıq missiyası” mövzusunda seminar keçirildi – FOTO

Məqsəd ümummilli liderin irsini müxtəlif istiqamətlərdə araşdırıb öyrənməkdir.

Bu gün Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyev irsinin öyrənilməsi istiqamətində növbəti elmi-praktik seminar keçirilib.

Oxu.Az xəbər verir ki, Trend-in məlumatına görə, “Heydər Əliyev və milli xilaskarlıq missiyası” mövzusunda təşkil olunan seminarda çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov qeyd edib ki, ümummilli liderin irsinin öyrənilməsi baxımından Mərkəzdə mütəmadi olaraq müxtəlif mövzularda seminarlar keçirilir.

A.Ələkbərov bildirib ki, bu seminarların keçirilməsində məqsəd ümummilli lider Heydər Əliyevin irsini müxtəlif istiqamətlərdə araşdırıb öyrənməkdir.

Mərkəzin direktoru Milli Məclisin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərovun ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında çalışdığını, ulu öndərin fəaliyyətinin Naxçıvan dövründə Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri oldugunu xatırladıb.

A.Ələkbərov elmi-praktik seminarda iştirakına, dəyərli məlumat və xatirələrini bölüşdüyünə görə millət vəkilinə təşəkkürünü bildirib.

F.Heydərov məruzə ilə çıxış edərək ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının dövlətçilik tarixində və taleyində oynadığı mühüm roldan, misilsiz xidmətlərindən, milli xilaskarlıq missiyasından söz açıb:

“Bəziləri bu missiyanın başlanğıcını 1991-ci ilin 3 sentyabrından – Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə sədr seçilməsindən hesablayır, bəziləri isə 1993-cü ilin məlum 15 iyun tarixini əsas götürürlər. Mən, elə mənim kimi bir çoxları da bu tarixin əslində 47 il öncədən – 1969-cu ildən başladığını düşünürük”.

F.Heydərov bildirib ki, Heydər Əliyevin fəaliyyətindən, missiyasından danışarkən, ilk olaraq 1969-1982 və 1983-1987-ci illər dövrü ciddi araşdırılmalı, o illərin prosesləri öyrənilməli və yeni nəslə öyrədilməlidir:

“1990-cı ildən etibarən Azərbaycanın bütün bölgələrindən vətəndaşlarımız “Heydər Əliyev hakimiyyətə gəlməlidir, Azərbaycanı yalnız o, xilas edə bilər!” çağırışları ilə ictimai təşəbbüslərə başladılar, siyasi tələb irəli sürdülər. Bu çağırışın səbəbi nə idi? Bu insanlar ötən əsrin 60-cı illərinin çətinliklərini, məşəqqətlərini yaşamışdılar və onları bu problemlərdən məhz Heydər Əliyev hakimiyyətə gəlməklə xilas edə bildi, Azərbaycanı yüksəlişə yönəltdi.

Bu insanlar bildirdilər ki, 1990-cı illərdə üzləşdikləri böhranın səbəbi də məhz Heydər Əliyevsizlik oldu, yəni bu böyük şəxsiyyətin hakimiyyətdən uzaqlaşdırılması Azərbaycana qarşı bütün cəbhələrdə hücumun başlanmasına rəvac verdi. Xalqımız aydın dərk edirdi ki, tarixin bu yeni ağır sınağını da yalnız və yalnız Heydər Əliyevin rəhbərliyi altında dəf edə bilər”.

Millət vəkili ümummilli liderin Azərbaycana birinci rəhbərliyi dövrünün əsas xüsusiyyətlərini qısa şəkildə xarakterizə edərək bildirib ki, Heydər Əliyevin respublika rəhbərliyinə gəlişi qısa zamanda Azərbaycanın tərəqqi və inkişafında yeni səhifə açmışdı:

“Zəngin təbii sərvətlərinə, iqtisadi və insan potensialına baxmayaraq, digər müttəfiq respublikalardan geridə qalan Azərbaycan artıq sürətlə inkişaf etməyə başlamışdı. Şəhərlər, rayonlar, hətta kəndlər böyük tikinti meydanına çevrilmiş, yeni istehsal və sənaye müəssisələri yaradılmışdı.

Ümummilli liderin təşəbbüsü ilə keçmiş SSRİ-nin bir sıra strateji əhəmiyyətli müəssisələri məhz Azərbaycanda inşa olundu və bununla da respublikanın gələcək müstəqilliyinin iqtisadi əsası formalaşdırıldı”.

F.Heydərov bildirib ki, Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövrü xilaskarlıq missiyasının ilk mərhələsi idi.

Millət vəkili daha sonra ulu öndərin siyasi fəaiyyətinin Naxçıvan dövründən söz açıb:

“22 iyul 1990-cı ildə on minlərlə insan muxtar respublikanın şəhər, qəsəbə və kəndlərindən axın-axın Naxçıvan şəhərinə, ulu öndərin ziyarətinə gəlir, ona tükənməz sevgisini bildirirdi. Elə həmin gün Naxçıvan şəhərinin mərkəzi meydanında keçirilən möhtəşəm mitinqdə on minlərlə insanın iştirakı da dahi rəhbərə xalqın hüdudsuz məhəbbət və inamının təntənəsi idi.

Əhali bilirdi ki, Naxçıvan artıq nicat yoluna çıxıb. Bir çox idarə və təşkilatlardan deputatlığa namizədliyi irəli sürülən Heydər Əliyev 1990-cı il 30 sentyabr seçkilərində Nehrəm seçki dairəsindən Azərbaycan Parlamentinə, Naxçıvan Trikotaj Fabriki kollektivi tərəfindən isə Naxçıvan Ali Məclisinə deputat seçildi.

1990-cı il noyabrın 17-də Naxçıvan Ali Məclisinin ilk sessiyasında iclasa sədrlik Heydər Əliyevə həvalə edildi və orada qəbul edilən qərarlar Azərbaycan tarixində böyük dönüş yaradacaq hadisələr oldu”.

F.Heydərov bildirib ki, sessiya Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adını dəyişdirərək Naxçıvan Muxtar Respublikası adlandırmağı qərara aldı:

“Bu, ittifaq miqyasında Sovet Sosialist adından ilk imtina idi. Naxçıvan MSSR Ali Sovetinin adı dəyişərək Naxçıvan Muxtar Respublikasının Ali Məclisi adlandırıldı. Bu, artıq Naxçıvanın milli-azadlıq mübarizəsinə, müstəqil dövlətçilik uğrunda mübarizəyə böyük qətiyyətlə qoşulmasını təsdiqləyirdi.

Heydər Əliyevin təklifi ilə milli istiqlal rəmzimiz olan üçrəngli bayraq Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edildi, Azərbaycan SSR Ali Sovetinin qarşısında həmin bayrağın bütünlükdə Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırıldı”.

O vurğulayıb ki, Naxçıvan Ali Məclisinin sessiyasında müzakirə olunan məsələlər yalnız muxtar respublikaya aid deyildi:

“Heydər Əliyevin təşəbbüsü ilə ikinci iclasda Ali Məclis 1990-cı il 20 yanvar faciəsinə də siyasi qiymət verdi. 1990-cı ilin 21 noyabrında Naxçıvan Ali Məclisi Heydər Əliyevin işləyib hazırladığı “1990-cı ilin yanvar ayında Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında” qərar qəbul etdi”.

Millət vəkili bildirib ki, 1991-ci ilin 3 sentyabrında yekdilliklə Naxçıvan Muxtar Respublikası Ali Məclisinə sədr seçilən Heydər Əliyev bu vəzifədə çalışdığı iki ilə yaxın dövrdə elə möhtəşəm işlər gördü ki, onlar əhəmiyyət və miqyasına görə neçə-neçə onilliyə örnək ola bilər:

“1993-cü ilin iyununda Azərbaycanda yaranmış hakimiyyət böhranı, artan erməni işğalları Heydər Əliyevin ölkə rəhbərliyinə gəlişini qətiləşdirdi. Xalqın iradəsi ilə baş tutan və tariximizə Qurtuluş Günü kimi düşən bu hadisə həm də Azərbaycanın xilası oldu”.

F.Heydərov bildirib ki, ulu öndər Azərbaycanı formal müstəqillikdən həqiqi müstəqilliyə qovuşdura bildi:

“Heydər Əliyev özünəməxsus müdrikliklə müstəqilliyin təməl prinsiplərini, ideoloji bazasını formalaşdırdı. Azərbaycançılıq ideologiyasını milli birliyin bünövrəsinə çevirdi. Sabitliyin, hüquq qaydalarının bərpası istiqamətində qətiyyətli addımlar atdı. Dövlətin suverenliyinə və ərazi quruluşuna qəsd etmək niyyətinə düşən, etnik separatizmi təşviq edən ünsurlər zərərsizləşdirildi. Dövlət çevrilişləri cəhdlərinin qarşısı qətiyyətlə alındı.

Heydər Əliyev xalqı öz ətrafında birləşdirməklə, dövlətçiliyə qəsd etməyə çalışan daxili və xarici qüvvələrin məkrli niyyətlərinin qarşısına ciddi sipər çəkdi. Güclü və modern ordu quruculuğuna başlanıldı. Bu sahədə mühüm nailiyyətlər əldə olundu və biz onun nəticələrini elə bu günlərdə son hadisələr zamanı düşmənə cavab verməklə, ordumuzun gücünü göstərməklə hamılıqla gördük, qürurla seyr etdik.”.

Daha sonra F.Heydərov seminar iştirakçılarının suallarını cavablandırıb.

0
23