İranla Türkiyə Avropaya qaz satacaq

İranla Türkiyə Avropaya qaz satacaq

"Regionun 10-a yaxın ölkəsinin İran qazına ehtiyacı var"

"Yeni bağlanmış dörd beynəlxalq əhəmiyyətli müqaviləni də nəzərə alsaq, yaxın vaxtda İranın ixrac etdiyi təbii qazın həcmi 40 mlrd. kubmetrə çatacaq". "APA-Economics" xəbər verir ki, bunu "Iran Daily" nəşrinə müsahibəsində İranın Milli Qaz Şirkətinin (NİGC) xarici əlaqələr üzrə direktoru Əzizolla Ramezani deyib.

Onun sözlərinə görə, 2021-ci ildə ixrac olunan qazın illik həcmi 68-80 mlrd. kubmetrə çatacaq.

"Regionun qaza olan illik tələbatı 50 mlrd. kubmetr səviyyəsindədir. Bunu nəzərə alaraq deyə bilərik ki, biz başqa ölkələrə, xüsusilə Avropa ölkələrinə ildə 30 mlrd. kubmetrədək qaz sata bilərik. Regionun 10-a yaxın ölkəsinin İran qazına ehtiyacı var. Hazırda Çin və Hindistana qaz ixracı məsələsi də gündəmdədir. Bundan başqa, bizim Cənubi Koreya və Yaponiyaya sıxılmış qaz satmaq imkanımız var", - deyə məmur qeyd edib.

Avropaya qaz ixracı məsələsinə gəlincə, Ə. Ramezani deyib ki, Türkiyə bu sahədə İranla əməkdaşlıq etməyə hazırdır: "Avropaya qaz nəqli İran üçün əlçatan hədəfdir. Bununla yanaşı, biz Avropaya sıxılmış qaz da sata bilərik".

"Bu il ərzində, mart ayının yarısınadək İran Türkiyə, Naxçıvan və Ermənistana qaz ixrac edib, habelə Türkmənistan və Azərbaycandan qaz idxal edib. "Bu il İraqla imzalanan iki müqavilə əsasında bu ölkəyə qaz ixrac edəcəyik. Bununla yanaşı, biz Ermənistana ixrac olunan qazın həcminin artırılması ilə bağlı danışıq aparmışıq və razılıq əldə etmişik. Bu həcm Gürcüstana nəql olunacaq", - deyə o bildirib.

0
18