Qaxda xırdabuynuzlu heyvanların tələf olma səbəbləri açıqlandı

Qaxda xırdabuynuzlu heyvanların tələf olma səbəbləri açıqlandı

Qax rayonunun Fısdıqlı kəndində xırdabuynuzlu heyvanların tələf olması ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin(DBNX) əməkdaşları adı çəkilən kənddə və ona qonşu kəndlərdə, eləcə də Qax rayonunun digər ərazilərində araşdırmalar aparıblar.

Nazirliyin Mətbuat katibliyindən Oxu.Az-a verilən məlumata görə, aparılan araşdırmalar zamanı yalınız Fındıqlı kəndində Valeh Qurbanova məxsus təsərrüfatda bir neçə baş xırdabuynuzlu heyvanın tələf olması müəyyən edilib. Qax rayonunun digər kənd və qəsəbələrində isə heyvanlar arasında heç bir narahatçılıq qeydə alınmayıb və epizootik vəziyyət sabitdir.

Dövlət Baytarlıq Nəzarəti Xidməti bununla əlaqədar bildirir ki, baytarlıq mütəxəssisləri tələfat qeydə alınan təsərrüfatda heyvanlarda patoloji yarma aparıb və həmin heyvanların iti fassilyozdan tələf olmasını müəyyən edib. Həmçinin heyvanlardan götürülən nümunələr baytarlıq laboratoriyasında müayinə olunub və heyvanların iti fassilyoz (qurd) xəstəliyindən tələf olması öz təsdiqini tapıb. Tələf olmuş heyvanlar baytarlıq-sanitariya tələblərinə uyğun zərərsizləşdirilib və xəstəlik qeydə alınan həyətdə baytarlıq-sanitariya qaydalarına uyğun dezinfeksiya işləri aparılıb.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti aparılan araşdırmaların nəticəsinə əsasən bildirib ki, respublikada epizootik vəziyyət sabitdir və vəziyyətə nəzarət olunur.

0
13