“Oğlan evi 2”-nin “Milli Kino Günü” - FOTO

“Oğlan evi 2”-nin “Milli Kino Günü” - FOTO

Filmdə tamaşaçılar aktyorlardan çox avtomobil görəcəklər.

Oxu.Az “Milli Kino Günü”nü çəkiliş meydanında keçirən “Oğlan evi 2” filminin yaradıcı heyətinin qonağı olub.

Keçən il səs-küylü premyerası ilə yadda qalan “Oğlan evi”nin ikinci hissəsinin çəkilişləri ölkəmizin paytaxtı Bakıda və regionlarda aparılıb.

Filmin quruluşçu-rejissoru İlham Qasımov çəkiliş üçün bu dəfə ətrafına sırf milli peşəkarlardan ibarət komanda toplayıb.

Filmin operatoru Nadir Mehdiyev, baş rolların ifaçıları - birinci hissədə yaratdığı obrazla tamaşaçıların sevimlisinə çevrilən Elcan Rəsulov, “Bozbash Pictures” layihəsinin populyar aktyoru Nicat Rəhimov, eləcə də kinoda ilk addımını “Oğlan evi” ilə atan bloger Hüseyn Əzizoğludur.

İkinci hissədə İran əsilli azərbaycanlı Baba bu dəfə maşın alverçilərinin kələyinin qurbanına çevrilir. Dolaşan kələfi açmağa isə kapitan Rzayev (Qurban Məsimov), İsi (Elşən Hacıbabayev) və digər qəhrəmanların səriştəsi kömək edir.

Filmdə tamaşaçılar aktyorlardan çox avtomobil görəcəklər. Favorit isə qırmızı rəngli, 1964-cü il istehsalı olan “Mercedes”dir, bütün hadisələr məhz bu avtomobilin ətrafında baş verir.

Filmin yaradıcıları, qəhrəmanlardan birinin öz sevgisini tapacağını söyləsələr də, bu dəfə kimin “Oğlan evi” olacağı sirrini açmadılar.

“Kapital Bank”ın baş sponsorluğu ilə çəkilən “Oğlan evi 2” filmi bu ilin dekabrında ekranlara çıxacaq.

Səbinə Səmidxan

0
417