“Daha istəkli “Qarabağ” görəcəksiz” – Qurban Qurbanov

“Daha istəkli “Qarabağ” görəcəksiz” – Qurban Qurbanov

“Böyük şansımız var. İstəkli komandaya qarşı oynayacağıq”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov deyib.

Ağdam təmsilçisi Çempionlar Liqasının (ÇL) III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində sabah “Viktoriya”nı qəbul edəcək.

Çexiyalılarla matçdan öncə mətbuat konfransı keçirən “Qarabağ”ın çalışdırıcısı bunları deyib: “İlk oyundan sonra rəqibi daha yaxış tanıyırıq. İnşallah, azarkeşlərimizin qarşısında daha istəkli “Qarabağ” görəcəksiz. Amma rəqibin bizə qarşı göstərəcəyi oyundan da çox şey asılı olacaq. Yeni baş məşqçiləri var, çox istəklidi. Onlar da, bizim kimi matçdan qalib ayrılmaq istəyirlər. Şanslarımız bərabərdi. Çalışacağıq ki, uğurlu nəticə əldə edərək, mərhələ adlayaq”.

- “Qarabağ” əvvəlki oyununu göstərmir. “Viktoriya” ilə ilk matçda da bu, müşahidə olundu...

- Rəqibin gücünü hər bir oyunda nəzərə almalıyıq. Üstəlik, onların öz meydanlarında oynamalarına da fikir verməliydik. Bəzən müdafiədən oynayanda düşünürlər ki, müdafiə futbolu oynayırıq. Oyunu rəqibdən asılı qurursan. “Viktoriya” çox pressinq etdi. Matçdan sonra da demişdim ki, futbolçulardan razı qaldım. Çempionatdan sonra çıxıb Avrokubokda güclü rəqiblərə qarşı oynayırıq. Hər bir komanda istəyir ki, meydandan qalib ayrılsın. Nəzərə almaq lazımdı ki, biz yenə də işimizi bacardığımız qədər davam etdiririk. Belə turnirlərdə düzgün müdafiə çox önəmlidi.

- Afrikalı hücumçunun transfer məsələsi nə yerdədi?

- 3-4 variantımız var idi. Heç bir futbolçu ilə razılıq əldə olunmayıb. Bəli, həmin afrikalı ilə də maraqlanmışıq. Onunla kiçik razılıq əldə olunub. Amma təkcə bizim istəyimizdən asılı deyil. Gərək futbolçunun özü və hazırkı klubu da razılıq versin. Bəzi detallar var ki, həm bizim, həm də onlar üçün qanuni, düzgün olmalıdı.

- Sabah mübarizənin taleyini 90 dəqiqədə həll etməyi düşünürsüz, yoxsa əlavə vaxtla bağlı da planlar qurmusuz?

- İstərdim ki, 90 dəqiqə üstünlüyümüz şəraitində keçsin. Amma desəm ki, yalnız 90 dəqiqəni fikirləşirik, yalançı olaram. Əlavə vaxtı da düşünürük.

- Maksim Medvedev zədələnmişdi. Vəziyyəti nə yerdədi?

- Maksim srağagün fərdi, dünən komanda ilə birgə məşq etdi. Durumu normaldı. Həkimlər də Maksimin vəziyyətinin qaydasında olduğunu bildirdilər.

- Sabah Çexiyada şans verdiyiniz heyəti meydana buraxacaqsız?

-Heyətdə ciddi dəyişiklik olmayacaq. Kiçik dəyişiklik ola bilər. Amma hələ qəti qərarımı verməmişəm.

- “Viktoriya”nın Çexiya çempionatının ilk turundakı oyununu izlədinizmi? Yoxsa buna ehtiyac görmədiniz?

-“Viktoriya”nın çempionat görüşünü izlədim. Bəzi oyunçuları bizə qarşı az oynamışdılar, amma bu dəfə meydanda daha çox oldular.

0
17