VIII Qəbələ Beynəlxalq Musiqi Festivalı başlayıb – FOTO

VIII Qəbələ Beynəlxalq Musiqi Festivalı başlayıb – FOTO

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Qəbələdə keçirilən VIII Beynəlxalq Musiqi Festivalına start verilib.

Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən Oxu.Az-a bildirilib ki, iyulun 30-da Heydər Əliyev adına Konqres Mərkəzində Azərbaycanın tanınmış gənc pianoçularının və musiqiçilərinin iştirakı ilə kamera konserti olub.

Azərbaycan Dövlət Filarmoniyasının solisti, pianoçu Tofiq Şıxıyev, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, pianoçu Ceyhun Allahverdiyev, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbəsi, Prezident təqaüdçüsü, pianoçu Vurğun Vəkilov, Bülbül adına orta ixtisas musiqi məktəbinin yetirməsi, Prezident təqaüdçüsü, pianoçu Gülər Ağayeva, vokalçılar - Azərbaycan Televiziya və Radiosunun solisti Aytac Şıxəlizadə və Azərbaycan Dövlət Filarmoniyasının, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Taleh Yəhyayevin iştirakı ilə keçirilən kamera konsertində F.Şopenin “Fantaziya”, S.Raxmaninovun “Etüd”, “Prelüd”, A.Skryabinin “Poema”, Niyazinin “Vətən nəğməsi”, M.Maqomayevin “Odlar Yurdu” və digər dünya şöhrətli bəstəkarların əsərləri səsləndirilib.

Daha sonra Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin konserti olub. Azərbaycanın Xalq artistləri, Bakı Musiqi Akademiyasının professorları Fidan və Xuraman Qasımovaların ifasında Azərbaycan və Avropa bəstəkarlarının əsərlərindən ibarət maraqlı konsert proqramı təqdim edilib. Konserti Əməkdar İncəsənət Xadimi, Xalq Artisti, dirijor Teymur Göyçayev idarə edib.

Qeyd edək ki, avqustun 5-dək festivalda Azərbaycan, Rusiya, Türkiyə, Ukrayna, ABŞ, İtaliya, Fransa, İspaniya, İsrail, Litva və Kubadan olan görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər, dirijorlar iştirak edəcəklər.

Aytən Sadıqzadə

0
223