Lənkəranda 3 jurnalist dələduzluğa görə tutulub

Lənkəranda 3 jurnalist dələduzluğa görə tutulub

Faktla bağlı cinayət işi açılıb.

Lənkəranda biri qadın olmaqla, 3 jurnalist dələduzluq faktlarına görə tutulub.

Oxu.Az-ın məlumatına görə, bu barədə məlumatı APA-nın cənub bürosuna Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin (ŞRPŞ) müstəntiqi, polis kapitanı Toğrul Hüseynov verib.

Onun sözlərinə görə, rayonun Parakənd qəsəbə sakini Şahvələd Məmmədov, Kərgəlan kənd sakini Arzu Abdullayeva, Şağlakücə kənd sakini Hökümə Rəhimova və digərləri polis şöbəsinə ərizə ilə müraciət edərək tanımadıqları biri qadın olmaqla 3 nəfərin “Azsamand” markalı, 90 TE 971 dövlət nömrə nişanlı minik avtomobilində onların yaşadıqları ünvana gələrək özlərini Bakı şəhərindən gəlmiş polis əməkdaşları kimi təqdim edib baxıcılıq fəaliyyəti ilə məşğul olduqları üçün onlarla getməli olacaqlarını bildiriblər.

Getmək istəmədikləri halda isə işlərinin qaydasına qoyulması üçün onların müxtəlif məbləğdə pulunu və qızıl-zinət əşyalarını ələ keçirərək aradan çıxıblar.

Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində “Azsamand” markalı, 90 TE 971 dövlət nömrə nişanlı minik avtomobili aşkar edilərək saxlanılıb.

İlkin araşdırmalardan nəticəsində məlum olub ki, avtomobili etibarnamə ilə idarə edən Şirvan şəhər sakini, 1978-ci il təvəllüdlü Fariz Fazil oğlu Yəhyayev üstündə olan vəsiqələrlə özünü “Xəbərfakt” İnformasiya Portalının və “Presedent” ictimai-siyasi hüquq qəzetinin baş redaktoru, Kəlbəcər şəhərində qeydiyyatda olan, hazırda Xırdalan şəhərində müvəqqəti məskunlaşmış 1975-ci il təvəllüdlü İpək Yunus qızı Məmmədova özünü “Xəbərfakt” İnformasiya Portalının və “Presedent” ictimai-siyasi hüquq qəzetinin redaktoru və Hacıqabul şəhər sakini, 1993-cü il təvəllüdlü İlkin Habil oğlu Məmmədov özünü “Xəbərfakt” İnformasiya Portalının xüsusi müxbiri kimi təqdim edərək, Lənkəranın müxtəlif yaşayış məntəqələrini gəzib baxıcılıqla məşğul olan şəxslər barədə sakinlərdən məlumatlar topladıqdan sonra həmin fəaliyyətlə məşğul olanların evlərinə gedərək, onları ifşa edəcəkləri ilə hədələməklə ələ keçirdikləri müxtəlif məbləğlərdə pul və qızılı götürüb aradan çıxıblar.

F.Yəhyayev, İ.Məmmədova və İ.Məmmədov polis tərəfindən saxlanılaraq istintaqa cəlb olunublar. Faktla bağlı Lənkəran ŞRPŞ-də Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

0
18