Bakıda marafon keçiriləcək

Bakıda marafon keçiriləcək

Qaliblər mükafata mükafata sahib olacaqlar.

Mayın 1-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Bakı Marafonu 2016" keçiriləcək.

Fonddan Oxu.Az-a verilən məlumata görə, tədbirin əsas məqsədi Azərbaycanda idmanın inkişafına dəstək göstərmək, insanlar arasında, xüsusilə gənclərdə sağlam həyat tərzini təşviq etmək, onları xeyirxah məqsədlər naminə bir araya gətirməkdir.

Dövlət Bayrağı Meydanından start götürəcək marafon 21 kilometr olacaq və Bakı Olimpiya Stadionunda başa çatacaq.

Marafona 16 yaşdan yuxarı hər bir kəs-şəhər sakinləri, qonaqlar əvvəlcədən qeydiyyatdan keçərək qoşula bilər. "Bakı Marafonu 2016"-da iştirak etmək istəyənlər qeydiyyat üçün aprelin 11-dən 25-dək Bakının ticarət mərkəzlərində quraşdırılmış qeydiyyat məntəqələrinə və ya onlayn olaraq "Bakı Marafonu 2016"-nın saytına (www.bakumarathon.az) müraciət edə bilərlər.

Bu zaman qeydiyyat formasını doldurmaq, şəxsiyyət vəsiqəsinin surətini (tələbələr, həmçinin tələbə vəsiqəsinin surətini) təqdim etmək və iştirak üçün müəyyən olunan vəsaiti ödəmək lazımdır.

Marafonda tələbələrin iştirakı ilə bağlı vəsaitlər Heydər Əliyev Fondu tərəfindən qarşılandığından, tələbələr qeydiyyat zamanı ödəmə etməyəcək.

Bunun üçün qeydiyyatdan keçərkən tələbə vəsiqələrinin surətini təqdim etmək lazımdır. Fiziki şəxslər 20 AZN, korporativ şirkət adından iştirak edənlər isə 100 AZN ödəməlidir.

Qeyd edək ki, analoji marafonlar bu günədək London, Paris, Boston, Nyu-York, Çikaqo, Berlin, Barselona, İstanbul və digər şəhərlərdə təşkil edilib. Marafon yarışı tam məsafədə 42 km və yarı marafon 21 km məsafədə keçirilir.

İdman tədbiri olmaqla yanaşı, marafon yarışları həm də xeyriyyə məqsədilə təşkil edilir. 1981-ci ildəki məşhur London marafonu ən böyük xeyriyyə marafonu kimi Ginnesin "Rekkordlar kitabı"na düşüb. Hazırda dünyanın bir çox ölkələrində yalnız xeyriyyə məqsədli marafonlar da təşkil edilir.

Qeyd edək ki, Bakı marafonundan toplanan vəsait Heydər Əliyev Fondunun valideyn himayəsindən məhrum olmuş uşaqlarla bağlı layihəsinə yönəldiləcək.

Marafonda 1-ci yerin qalibi 3000 AZN, 2-ci yerin qalibi 2000 AZN, 3-cü yerin qalibi isə 1000 AZN mükafata sahib olacaq.

0
16