Qəbələdə VIII Beynəlxalq Musiqi Festivalının açılışı oldu

Qəbələdə VIII Beynəlxalq Musiqi Festivalının açılışı oldu

İyulun 30-da Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Qəbələdə keçirilən VIII Beynəlxalq Musiqi Festivalının rəsmi açılış mərasimi olub.

APA-nın yerli bürosunun xəbərinə görə, Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzinin qarşısında açıq havada quraşdırılan möhtəşəm səhnədə keçirilən mərasimdə əvvəlcə Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın festival iştirakçılarına təbrik məktubu oxunub.

Sonra Xalq Artisti Rauf Abdullayevin dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti olub. Mindən çox tamaşaçının iştirak etdiyi konsertdə Üzeyir Hacıbəylinin “Koroğlu” operasından uvertüra, Niyazinin “Rast” simfonik muğamı, Cakomo Puççinin “Toska” operasından Kavaradossinin ariyası, Cüzeppe Verdinin “Don Karlos” operasından Ebolinin ariyası, Fikrət Əmirovun “Azərbaycan elləri”, “Sevil” operasından Balaşın mahnısı, Üzeyir Hacıbəylinin “Sənsiz”, Qara Qarayevin “Yeddi gözəl” baletindən vals, C.Rossininin “İtaliyalı qız Əlcəzairdə” operasından üvertura səsləndirilib. Konsertdə ifaçılar-Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Xalq Artisti Samir Cəfərovun və Dövlət Televiziya və Radiosunun solisti Aytac Şıxəlizadənin çıxışı alqışlarla qarşılanıb.

Sonra festivalın xüsusi qonaqları olan bəstəkar və müğənni, SSRİ Xalq Artisti və Əməkdar İncəsənət Xadimi, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və onun oğlu, gənc dirijor Murtuza Bülbül “Ay Dilbər”, “Xumar oldum” xalq mahnılarını, eləcə də “Gəl ey səhər”, “Azərbaycan”, “Qorxma, mən səninləyəm” kinofilmindən “Kak jili mi boryas” mahnılarını ifa edib. Çıxışlar yerli və xarici musiqisevərlərin böyük marağına səbəb olub.

0
26