“Buna görə Azərbaycan yığmasını seçdim” - Tuğrul Erat

“Buna görə Azərbaycan yığmasını seçdim” - Tuğrul Erat

“Almaniya və Türkiyə yığmasında oynamaq üçün zərrə qədər də şansım yox idi. Buna görə də, ən məsləhətli addımı atıb, Azərbaycan yığmasını seçdim”. Apasport.az saytının məlumatına görə, bu sözləri millimizin futbolçusu Tuğrul Erat deyib.

Bu yay “Duysburq”a transfer olunan “Fortuna”nın yetirməsi Almaniya mətbuatına açıqlama verib. Azərbaycan yığmasındakı perspektivi barədə də danışan 24 yaşlı yarımmüdafiəçi maraqlı fikirlər səsləndirib.

İlk dəfə Bertu Foqtsun millizə cəlb etdiyi Erat bildirib ki, yığmamızı seçməklə düzgün addım atıb: “Azərbaycan yığmasında oynayaraq, beynəlxalq təcrübə qazana bilərəm. Bəziləri üçün Foqts çox ciddidi, hətta yumor hissi belə, yoxdu. Ancaq mən onunla çox asan ünsiyyət qururdum. Hətta mənimlə zarafat da edirdi. Foqtsla birgə işləmək çox xoş idi”.

Erat AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində İtaliyaya qarşı keçirdiyi oyunu xatırlayıb: “İtaliya ilə oyunda mən də meydanda idim. Əgər qapıçıdan uzun ötürmə gəlirsə, Bonuççi və Kyellini kimi müdafiəçilərə qarşı oynadığın halda, o topu götürmək şansın olmur. Adətən bu cür oyunçuları televizordan görürük. Onlara qarşı oynamaq isə çox gözəl hiss idi. Matçdan sonra Pirlo ilə görüşüb, şəkil çəkdirdim”.

Tuğrul söhbət əsnasında DÇ-2018-in təsnifat mərhələsində də millimizə çağırılmaq və Almaniyaya qarşı oyunlarda iştirak etmək üçün əlindən gələni edəcəyini bildirib: “Hər bir oyunçu istər ki, heç olmasa 1 dəfə dünya çempionlarına qarşı oynasın. Bunun üçün “Duysburq”da yaxşı çıxış etməliyəm. Bunu bacarsam, yenidən Azərbaycan millisində ola bilərəm. Boatenq və Hummels kimi dünya ulduzlarına qarşı oynasam, şad olaram. Adətən televizorda onların inamlı oyununun şahidi olmuşuq. Özümə də maraqlıdı ki, mən bu cür müdafiəçilərlə təkbətək mübarizələrdə nə edə bilərəm?”.

Qeyd edək ki, 2014-cü ildən Azərbaycan millisinə dəvət alan Erat yığmamızda 3 görüş keçirib.

0
15