Siçan dərmanı, bitməyən sevgi, yüz milyonların “Avara”sı - TALE

Siçan dərmanı, bitməyən sevgi, yüz milyonların “Avara”sı - TALE

Əsasən nağıllar, əfsanələr, bayağı sentimental ovqat üzərində qurulan hind filmlərinin siması realist kinorejissor, əfsanəvi aktyor Rac Kapurun gəlişi ilə tamam dəyişdi. Onun klassik hind fəlsəfəsi ənənələrinə söykənən filmlərində oynadığı  qəhrəmanlar kristal vicdan nümayiş etdirir, sosial bərabərlikdən danışır, kasıbların, kimsəsizlərin tərəfini saxlayırdı. Rac Kapurun yaratdığı obrazlar dünya malında gözü olmadığına, kasıbları qanunların ayağına vermədiyinə, sufiyanə həyat tərzi keçirdiyinə, insana sevgini hər şeydən üstün tutduğuna görə milyonlar tərəfindən dərhal sevildi. Hələ sağlığında Bollivud ulduzu sayılan dahi aktyor öz həyat fəlsəfəsini bir cümlə ilə belə izah etmişdi: “İnsan üçün əsas olan onun sabaha ümidi və gələcəyin indikindən daha yaxşı olacağına inamıdır.”

Rac Kapur 14 dekabr, 1924-cü ildə Hindistanın yoxsul Pişəvər əyalətində (indi həmin ərazi Pakistana məxsusdu) doğulub. Atası Pritxvirac əyalət teatrında aktyorluq edir, anası Ramsavni isə evdə uşaqlara baxırdı.

Ailədə Racdan sonra daha iki oğlan uşağı dünyaya gəlmişdi. Bindi və Devi. Bindi dörd yaşında olarkən təsadüfən siçan zəhəri yeyərək ölür. Onun arxasınca kiçik qardaş Devi sətəlcəmdən dünyasını dəyişir. Özündən kiçik qardaşlarının ölümü balaca Racı sarsıdır.

Tezliklə Racın Şammi, Şaşi adlı qardaşları və Urmila adlı bacısı dünyaya gəlir. Filmə çəkilmək üçün dəvət alan Pritxvirac ailəsi ilə birlikdə Bombey (indiki Mumbay) şəhərinə köçür. İlk səsli hind filmində rol alan atası həm də Bombey teatrında rejissor kimi çalışır. Tez-tez atasının iş yerinə gələn balaca Rac getdikcə truppanın sevimlisinə çevrilir. Atası onu altı yaşında ikən “Oyuncaq araba” pyesində aktyor kimi səhnəyə çıxarır. Tamaşaçıların çoxluğundan qorxub qaçan balaca Rac pərdə arxasında ağlayır. Lakin bu çaşqınlıq onda heç də kompleksə çevrilmir. Rac getdikcə teatra, aktyor sənətinə bağlanır.

Rac Kapur ilk dəfə on bir yaşında olarkən atasının rejissor dostu Kidar Şarma tərəfindən “İnqilab” adlı filmdə epizodik rola çəkilir. Rejissorun “Motor!” komandasının ləzzətini dadan balaca Rac buradaca kino magiyasına düşür.

Beləcə teatr, kino adamlarının arasında yaşa dolan Rac Kapur bir müddət Kidar Şarmanın yanında köməkçi işləyir. Gözlərindəki dərin mənaya, istənilən obrazı canlandıra biləcək oynaq mimikasına və mahir jestlərinə görə onu  filmlərə dəvət edirdilər.

Gənc aktyor əmin idi ki, ürəyindən keçən səhnələri çəkmək üçün mütləq rejissor olmalıdı. O, gələcəkdə film studiyası açmaq arzusu ilə  rollardan qazandığı qonorarı toplamağa başlayır.     

Və günlərin bir günü onun şəxsi həyatına və hind filmlərinin taleyinə önəmli rəng qatacaq hadisə baş verir. 21 yaşlı Rac məşhur hind aktrisası Caddanbayın  17 yaşlı qızı cazibədar Nərgizlə rastlaşır. Həyatının axırına qədər bu  epizodu unutmayan Rac sonralar belə deyir: “Mən onu görəndə uzun müddət nitqim tutuldu. Nərgiz tərəvəz qızardırdı. Onun uzun barmaqları sarı noxud ununa bulaşmışdı. Məni rahat görmək üçün tellərini geri alanda un azacıq saçlarına bulaşdı. Bu jest onu daha da gözəlləşdirdi”.

Hər ikisi bu tanışlıqdan məmnun olurlar. Nərgiz Racın ilham pərisinə çevrilir, ona soxlu sayda ideya verir. Bir il sonra Rac Kapur baş rolda Nərgizlə birgə oynadığı “Alov” adlı ilk filmini çəkir. Cütlüyün məhəbbət səhnələri tamaşaçıları həyəcanlandırır. Aktyorların sevgi  oyunları onların arasında həqiqi məhəbbətin olması haqda çoxlu şayiələr yaradır. İlk rejissorluq işi ona ciddi uğur və yaxşı pul qazandırsa da 16 yaşlı bibisi ilə adaxlı olan Rac (hind adət-ənənələrində belə nikahlar məqbul sayılır) Nərgizlə sevgili olmadıqlarını hər dəfə publikaya izah etməli olur.

Nəhayət, 26 yaşlı aktyor topladığı pullarına güvənərək özünün “Rac Kapur Filmz end Styudioz” kinokompaniyasını açır. O, studiyanın həm prezidenti, həm rejissoru, həm aktyoru, həm prodüsseri, həm də qarovulçusu sayılır. Rac kiçik bir qrupla gecə-gündüz işləyir, günlərlə ac qalmaqdan qorxmur. Məşhur rejissor sonralar həmin vaxtları belə xatırlayırdı: “Müqəddəs günlər idi. Heç kimi pul maraqlandırmırdı, yalnız gələcək haqda düşünürdük. Gecə yarıya qədər işlədiyimizə görə çox vaxt studiyada gecələyirdik, evə getməyə taksi pulumuz olmurdu. Bütün uğurlarımıza görə həmin günlərimizə minnətdaram”.

Nəhayət, 40-cı illərin sonlarında “Avara”nın çəkilişinə hazırlıq başlayır. Filmin süjeti qaynayırdı: banditlərə qoşulmuş uşaq, onun həyat yolu, sevgi macərası, məhkəmə səhnələri, günahların etirafı...

Rac bilirdi ki, bu film onun həyatında yeni bir epoxa başladacaq. Ona görə baş rolda çəkilməyi qərara alır. Çəkiliş prosesi üç ilə qədər uzanır. Əsas vaxt isə fotoşəkillərdən aktyorların seçilməsinə və sınaq çəkilişlərinə gedir. Filmdəki  uşağın atasını, hakimi oynamaq üçün ən uğurlu sima kimi Rac öz atasını dilə tutur və onu birtəhər yola gətirir. Lakin çəkilişin bitməyinə az qalmış studiyanın pul ehtiyatı tükənir. Filmdə avaranı oynayan Rac və sevgilisini oynayan Nərgiz müvəqqəti olaraq öz işlərini dayandırmalı, kompaniyaya pul qazandırmaq üçün başqa rejissorlarla işləməli olurlar.

Nəhayət, 1951-ci ildə “Avara” işıq üzünə çıxır və  Hindistan üzrə prokat rekordunu qırır. Filmdə səslənən mahnılar bütün Şərqdə hitə çevrilir. Təkcə keçmiş SSRİ məkanında “Avara”nı izləyənlərin sayı 60 milyonu adlayır. Əllinci illərin ortalarında Moskvada səfərdə olan Rac Kapurun fanatları onun mindiyi “ZİS” markalı maşını yaşadığı otelə qədər əllərində aparırlar. “Avara”dan sonra Rac Kapur Hindistanda müqəddəs insana çevrilir. Ölkəsinin o vaxtkı baş naziri Cəvahirləl Nehru zarafatla: “Kapur mənim populyarlığımı əlimdən alıb”- deyir.

Rac Kapur çəkdiyi filmlərdə kasıbların müdafiəsinə qalxır, sadə həyatla xoşbəxt olmağın yolunu göstərir, insanlara insafla davranmağı təlqin edirdi. Lakin ağır hind ailə ənənələrini aşmağa gücü çatmır, Nərgizlə heç cür qovuşa bilmirdi. Onların gücü yalnız filmlərdə sevgili olmağa çatırdı. Nərgiz gizli gözləntilər içərisində yaşasa da, Rac öz həyat yoldaşı Krişnadan ayrıla bilmirdi.

“Cənab 420”, “Gecənin altında”, “Mənim adım kloundur”, “Sanqam” kimi filmlərin qəhrəmanını oynayan Rac küçədə görünməyi ilə yüzlərlə fanatının əhatəsinə düşməyi bir olurdu.

“Cənab 420”-də kasıb boxçasını çiyninə alıb xoşbəxtlik arxasınca böyük şəhərə gedən Racın başına gələnlərdən söhbət açılır. Qumar və əyri yollarla yoxsulluğun daşını atan bu əyalət adamını vicdanı rahat buraxmır. Sufiyanə qurulmuş filmin sonunda  bütün var-dövlətini uduzaraq müflisləşən Rac apardığı həmin boxca ilə də geri qayıdır. Rejissor filmdə insanın var-dövlət yığmaq ehtirasının nə qədər puç olduğunu aydın göstərmişdi.

Rac Kapur bir gün Montroy adlı ispan şəhərinə, öz kumiri Çarli Çaplinlə görüşə gedir. Rac görüşdə bütün söhbət zamanı ustadın ayaqları yanında oturur.

Səksənə yaxın filmin çəkilişində əməyi olan Rac Kapur sənətdə parlaq uğurlar qazansa da həyatda istədiyi kimi yaşaya bilmir, sevgi ehtiraslarını gizlətməyə məcbur olurdu. Onlar aralarındakı sevgini yalnız yaratdıqları obrazlarda yaşatmalı olurlar. Rac hər dəfə “Krişna mənim uşaqlarımın, Nərgiz isə filmlərimin anasıdı”  kimi sözlərlə jurnalistlərin suallarından yayınmalı olur.

Ancaq Racla Nərgizin gizlin, sirli eşq yaşadıqları haqda cəmiyyətdə söz-söhbət bitib tükənmək bilmir. Hətta bir dəfə, şayiələrin əlindən həddən artıq sakit təbiətli Krişna uşaqlarını da götürüb Racdan qaçır.

Yeddi il Rac Kapurla bir studiyada çalışan Nərgiz axırda Sunil Datta adlı bir aktyorla evlənir və kino sənətindən tamamilə çəkilir.

Nərgizi itirən Rac Kapur sürətlə tənəzzülə uğrayır. Sonradan başqa aktrisalarla tərəf-müqabil olub filmlər çəksə də, həmin populyarlığı qazana bilmir. “Mənim adım kloundu” filminin uğursuzluğu onu sarsıdır.

1981-ci ildə xərçəng xəstəliyindən dünyasını dəyişən 51 yaşlı Nərgizin dəfnindən sonra Rac Kapur uzun müddət özünə gələ bilmir. Depressiya yaşayan rejissor spirtli içkiyə qurşanır və bir müddət əyyaşlıq etdikdən sonra birtəhər özünü toparlaya bilir.

2 may, 1988-ci ildə 63 yaşlı kinorejissor-aktyor  Hindistanın ən yüksək mükafatını almaq üçün səhnəyə qalxarkən ürəyini tutub yıxılır. Komaya düşən əfsanəvi aktyoru dərhal xəstəxanaya götürürlər. Hər gün minlərlə hindistanlı Nyu-Delinin mərkəzi klinikasında koma vəziyyətində yatan rejissorun pəncərəsi altında gecələyir. Milyonların sevimlisi, kino kralı Rac Kapur iyunun 2-də mavi gözlərini əbədi olaraq  qapayır.    

0
30