Çingiz Hüseynzadə: Olimpiya Oyunlarından azı 10-12 medal gözləyirik

Çingiz Hüseynzadə: Olimpiya Oyunlarından azı 10-12 medal gözləyirik

“Braziliyada keçiriləcək XXXI Yay Olimpiya Oyunlarında iştirak edəcək idmançıların təxminən yarısı medal qazana bilər. Olimpiya Oyunlarından azı 10-12 medal gözləyirik”.

Oxu.Az xəbər verir ki, Trend-in məlumatına görə, bunu bu gün keçirdiyi mətbuat konfransında Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə bildirib.

Onun sözlərinə görə, medalla bağlı proqnoz vermək çətindir. Proqnozu yalnız idmançılarımızın potensialını nəzərə almaqla vermək olar:

“Bu oyunlarda komanda üzvlərinin, idman növlərinin sayı daha çoxdur. Oyunlarda 56 nəfər iştirak edəcək. Komandanın demək olar ki, yarısı medallara namizəd olur. Bu dəfə də idmançıların təxminən yarısı medal qazana bilər. Hesab edirik ki, medalların sayı və keyfiyyəti London Olimpiadasından daha çox və üstün olacaq”.

Ç.Hüseynzadə deyib ki, olimpiya yığma komandasının əsas heyəti 3 gün sonra Braziliyaya yola düşür. XXXI Yay Olimpiya Oyunlarının yayım hüququ İTV-yə məxsusdur. Ona görə də oyunlar canlı olaraq, İTV-də yayımlanacaq. İTV hər gün 8 yayım verəcək:

“Biz yenilik etdik və qərara gəldik ki, vaxt fərqinə baxmadan, oyunların ən isti xəbərlərini internet üzərindən çatdıraq. Ona görə də MOK-un bütün internet resursları tam gücü ilə işləyir. Vaxt fərqi olmadan xəbərlər çatdırılacaq”.

0
10