Kannda Azərbaycanın təbliği ilə bağlı sərgilər açılıb – FOTO

Kannda Azərbaycanın təbliği ilə bağlı sərgilər açılıb – FOTO

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Fransanın Kann şəhərində Azərbaycanın tarixini və mədəniyyətini, ölkələrimiz arasında əlaqələri əks etdirən sərgilər açılıb.

Fonddan Oxu.Az-a verilən məlumata görə, sərgilərdən biri “Partizanın izi ilə” adlanır.

Bu sərgi İkinci Dünya müharibəsinin iştirakçısı, Fransa Müqavimət Hərəkatının görkəmli nümayəndəsi Əhmədiyyə Cəbrayılova həsr olunub. Ekspozisiyada azərbaycanlı partizanın həyat və döyüş yolunu əks etdirən eksponatlar, o cümlədən Əhmədiyyə Cəbrayılovun şəxsi arxivindən götürülmüş fotolar nümayiş etdirilir.

Azərbaycana aid sərgilərdən biri də “Bir günəş altında” layihəsi çərçivəsində açılıb. Bu layihə çərçivəsində Azərbaycanda multikulturalizmə və tolerantlığa həsr olunan sərgi və film maraqla qarşılanıb. Sərgidəki fotolar və film Azərbaycanın müxtəlif guşələrində çəkilib. Burada 20 azsaylı xalqın tarixini, mədəniyyətini və adət-ənənələrini əks etdirən foto və videomateriallar əsasında sərgi iştirakçılarına Azərbaycandakı tolerantlıq haqqında ətraflı məlumat verilir.

Sərginin “Danışan başlar” adlı bölməsində isə müxtəlif azsaylı xalqların və etnosların nümayəndələri öz dillərində maraqlı hekayələri nəql edirlər. Sərgidə Azərbaycanda yaşayan müxtəlif xalqların adət-ənənələrindən bəhs edən “Bir günəş altında” filmi də təqdim olunur.

“Gəncə və Qəbələ: iki şəhər fransız fotoqrafların gözü ilə” sərgisində isə Azərbaycan təbiətinin gözəllikləri, özünəməxsus mədəniyyət və adət-ənənələri təqdim edilir. Sərginin təşkili məqsədilə fransız fotoqraflar Samuel Qrataka və Jan-Fransua Rozye 2016-cı ilin aprelində Gəncəyə və Qəbələyə səfər edib, Azərbaycanın qədim tarixə, eləcə də müasir turizmdə aparıcı rola malik hər iki şəhərinin mənzərələrini, abidələrini, gündəlik həyatını fotoaparatın yaddaşına köçürüblər.

Mədəniyyət günləri çərçivəsində təşkil olunan sərgilər iyulun 31-dək Kann şəhərinin sakinləri və turistlər üçün açıq olacaq.

A.S.

0
20